Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Avstriya, Macarıstan, Gürcüstan, Şotlandiya, Türkiyə və Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.
Macarıstanın Budapeşt şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Macarıstandakı Azərbaycan Evi və “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri baş tutub. Macarıstanda yaşayan azərbaycanlı gənclərin iştirak etdiyi tədbir zamanı XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək qeyd ediblər ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə dahi liderimiz Heydər Əliyev verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edərək BMT-yə və dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Tədbir “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, CVN TV, Belə-belə işlər və “CAVAN” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə hazırlanmış “Əsirlikdə 8 gün” adlı filmin nümayişi ilə davam edib.
Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı gənclərlə 26 fevral 1992-ci ildə erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən Xocalı faciəsi haqqında müzakirələr aparılıb. Bildirilib ki, Xocalı faciəsi bütün insanlığın faciəsi olmaqla yanaşı bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır. Çıxışlarda Avstriya Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli, ölkəmizin Avstriyadakı səfirinin müavini Mahur Qasımov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktor müavini Güldanə Dadaşova Xocalı soyqırımının tarixi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində Xocalı soyqırımının günahsız qurbanlarının qisasını döyüş meydanında alması haqqında danışıblar. Daha sonra Xocalı soyqırımının canlı şahidi olmuş, mərhum Dürdanə Ağayevanın həyatına həsr olunmuş “Əsirlikdə 8 gün” adlı film nümayiş etdirilib.
Şotlandiyanın Aberden şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş aksiya keçirilib. Məlumatlandırma xarakterli aksiya zamanı Şotlandiyada yaşayan azərbaycanlı gənclər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bukletlər paylayıb. Bukletlərdə erməni vandalizminin acı nəticələri, eləcə də faciə qurbanları ilə bağlı statistik faktlar qeyd olunub. Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri qətliamın insanlığa qarşı ağır cinayət olduğunu yerli ictimaiyyətə və xarici vətəndaşlara çatdırmaq olub.
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri baş tutub. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbir zamanı Xocalı faciəsinin tarixi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər, soyqırıma hüquqi qiymətin verilməsi ilə bağlı ölkəmizin səyləri və oxşar hadisələrin təkrarlanmaması üçün tarixdən ibrət almanın önəmindən bəhs olunub. Ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. Eyni zamanda, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xocalıda törətdikləri insanlıqdan uzaq vəhşiliklərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Böyük Britaniyanın London şəhərində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımın 33-cü ildönümünə həsr olunmuş anım tədbiri baş tutub. Azərbaycanlı tələbə və məzunların iştirakı ilə keçirilən görüş zamanı ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 günlük Vətən müharibəsində Xocalı soyqırımının günahsız qurbanlarının qisasını döyüş meydanında aldı. Tədbir zamanı, həmçinin soyqırım vəhşiliklərini əks etdirən videoçarx da nümayiş etdirilib, gənclərin sualları cavablandırılıb.
Əlavə olaraq, Xocalı soyqırımı ilə əlaqədar onlayn tədbir keçirilib. ASAP Türkiyə nümayəndəliyinin aktiv üzvləri, Türkiyədə yaşayan azərbaycanlı gənclər və Üsküdar Universitetinin akademik heyətinin iştirak etdiyi tədbirdə Xocalı qətliamının insanlığa qarşı törədilmiş cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanması ilə bağlı danışılıb, faciənin ağrı-acısını özündə əks etdirən şəkillər nümayiş olunub. Çıxışlar zamanı qeyd olunub ki, illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq əzab və işgəncələrə məruz qalıblar.