Ermənistan Azərbaycanın Zəngəzura giriş və çıxış məntəqələrində Azərbaycan sərhəd-keçid məntəqələrinin (KPP) qurulması təklifini qəbul edib. Bu barədə politoloq Stepan Danielyan bildirib. Həmin məntəqələrdə bütün prosesləri Azərbaycan gömrükçüləri həyata keçirəcək, məlumat toplayaraq Ermənistana ötürəcəklər. Ermənistan gömrükçüləri isə orada heç bir fəaliyyət göstərməyəcək.
Danielyan qeyd edib ki, bu, əslində Ermənistanın həmin ərazi üzərində suverenliyinin olmaması deməkdir. Lakin rəsmi İrəvan suverenliyin qorunduğunu iddia edir.
Mövzunu İnterpress.az-a politoloq Əlimusa İbrahimov şərh edib.
O bildirib ki, Ermənistanın Azərbaycanla yaxınlaşması nı gözü götürməyən qüvvələr var və onlar cidd-cəhdlə bu proseslərə mane olmağa çalışırlar.
“Bu gün Ermənistanla Azərbaycan arasında gedən proseslər həm Ermənistanda, həm də Ermənistandan kənarda bir çoxlarını qane etmir və bu proseslərə qarşı çıxmağa cəhd edirlər, imkan daxilində bu proseslərə qarşı çıxırlar.
Bildiyimiz kimi, Ermənistan siyasi palitra baxımından yeknəsəq deyil, orada müxtəlif qüvvələrə xidmət edən tərəflər var. Paşinyanın atdığı addımları, o cümlədən bu, Ermənistanın mənafeyinə olsa da, olmasa da, məhz Paşinyan həyata keçirdiyinə görə tənqid edirlər.
Əsas məqsəd də Paşinyanın addımlarını gözdən salmaq və bölgədə, o cümlədən Ermənistanda vəziyyəti nəzarətdən çıxarmaqdır.
Qeyd olunan məsələ – Azərbaycanın Zəngəzurda olan sərhəd-keçid məntəqələrinə nəzarəti öz üzərinə götürməsi də Ermənistanda birmənalı qarşılanmayıb və buna Ermənistanın suverenliyini itirməsi kimi baxırlar. Əslində, bu prosesləri gözü götürməyən qüvvələr Ermənistanla Azərbaycan arasında gedən yaxınlaşma prosesinə zərbə vurmağa cəhd edirlər. Bunlar həm daxildə olan, həm də xaricdən olan qüvvələrdir.
Nə Azərbaycan, nə də Ermənistan belə düşünmür ki, sərhəddə yerləşən hər hansı nəzarət buraxılış məntəqəsinə nəzarət Ermənistanın suverenliyinin əlindən alınması deməkdir”, – siyasi şərhçi vurğulayıb.
Daha sonra Ə.İbrahimov qeyd edib ki, bu məsələlər hər iki dövlət və komissiyaları tərəfindən qəbul olunmuş qərarlar əasında razılaşdırılır və həyata keçirilir.
“Düşünürəm ki, bu, ikitərəfli razılaşma əsasında həyata keçirilir və iki dövlət başçısı, dövlət komissiyaları qərar qəbul edirlər.
Bu gün Ermənistan bu sahədə Azərbaycana güzəşt edib, sabah isə sərhədin, yaxud giriş-çıxışın digər hissəsində Azərbaycan Ermənistana güzəşt edəcək.
Təbii ki, belə məsələlər ikitərəfli qaydada müzakirələr, razılaşmalar yolu ilə həll olunacaq.
Əsas məsələ odur ki, Ermənistan Azərbaycan tərəfinin təkliflərini, istəklərini nəzərə alaraq, bu addımı həyata keçirməsini Azərbaycana verib.
Bu, Azərbaycanla Ermənistan arasında yaxınlaşmanın yeni mərhələsidir, yeni səviyyəsidir. Mən düşünürəm ki, yenə də belə olaraq davam edəcək”, – politoloq fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az