“Orda.kz”ın baş redaktoruna cinayət işi açılıb, ofisdə və evində axtarış aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Polislər redaksiyanı mühasirəyə alıb, jurnalistlərin telefonları müsadirə edilib.
Məlumata əsasən, Qazaxıstanın “Orda.kz” internet nəşrinin ofisində axtarış əməliyyatı keçirilir.
Nəşrin “Telegram” kanalında yayılan məlumatda deyilir: “Ofisdəki həmkarlarımız artıq bir saata yaxındır ki, əlaqəyə çıxmırlar. Güman edirik ki, onların telefonları alınıb. Redaksiyada istintaq hərəkətləri aparılır, ətrafda qara geyimli kişilər gəzir, binanın qarşısında heç bir tanınma nişanı olmayan avtomobillər dayanıb”.
Eyni zamanda bildirilir ki, nəşrin təsisçisi və baş redaktoru Gülnarə Bajkenovanın evində də axtarış aparılır.
Astana polisi baş redaktor barəsində cinayət işinin başlandığını təsdiqləyib. İttiham “bilə-bilə yalan məlumatların dəfələrlə və qərəzli şəkildə yayılması” faktları ilə bağlıdır.
Qeyd edək ki, sentyabrın əvvəlində sözügedən nəşr respublikanın ovaxtkı xarici işlər naziri Nurtleu və Milli Təhlükəsizlik Komitəsinin (MTK) bir sıra yüksək rütbəli əməkdaşlarının saxlanılması barədə xəbər yaymışdı. Lakin sonradan bu məlumat rəsmi mənbələr tərəfindən təkzib edilmişdi.

Xuraman Etibarlı
İnterpress.az






