İsrail “Dəmir Şüa” lazer HHM sistemini tamamlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Yeni sistem döyüş meydanında qaydaları dəyişəcək, ilk təhvil-təslim tarixi açıqlanıb.
Məlumata əsasən, İsrail lazer texnologiyalarına əsaslanan “Dəmir Şüa” (“Iron Beam”) qabaqcıl hava hücumundan müdafiə sisteminin işlənib hazırlanmasını başa çatdırıb.
İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafı İdarəsinin rəisi Qold bildirib ki, sistemin orduya ilk tədarükü 2025-ci ilin dekabrına planlaşdırılır.
“Gözlənilir ki, “Dəmir Şüa” lazer sistemi döyüş meydanında hərbi əməliyyatların aparılması qaydalarını kökündən dəyişəcək. İmkanlarını təsdiqləyən hərtərəfli sınaq proqramı və işlənmə prosesi başa çatdıqdan sonra biz onu 2025-ci il dekabrın 30-da İsrail ordusuna təhvil verməyə hazırıq”, – Qold qeyd edib.
Bildirilir ki, “İşıq Qalxanı” adı ilə də tanınan bu sistem lazer şüasının köməyi ilə ultra-qısa mənzilli raketləri, eləcə də minaatan və artilleriya mərmilərini zərərsizləşdirmək üçün nəzərdə tutulub. Həmçinin, sistemin kiçik ölçülü dronları da məhv edə biləcəyi nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.az






