Azərbaycanlı qardaşlar arasında baş verən ailə davası və atışma kameraya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Leninqrad vilayətində azərbaycanlılar arasında silahlı insident yaşanıb.
Tərəvəz bazasında baş verən ailə münaqişəsinə və atışmaya səbəb spirtli içki qəbulu olub.
Məlumata görə, sərxoş vəziyyətdə olan şəxs qardaşları ilə mübahisə edib.
Silahlı olan həmin şəxs qohumlarını qorxudaraq onları tikililərin üzərinə çıxmağa və gizlənməyə məcbur edib, daha sonra isə travmatik tapançadan onlara atəş açıb.
Hadisə anı ərazidəki kameralar tərəfindən qeydə alınıb.
Hadisə yerinə polis cəlb olunub. Atəş açan şəxs qaçmağa müvəffəq olsa da, tezliklə hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Ondan iki ədəd qanunsuz tapança və müxtəlif kalibrli 14 patron müsadirə edilib.
Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






