Çox danışan iş yoldaşlarına görə gəncin bir qulağı kar olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Vidnoye şəhərində 24 yaşlı ofis işçisi qeyri-adi səbəbdən eşitmə qabiliyyətini itirib. O, bir qulağının kəskin şəkildə zəif eşitməsi şikayəti ilə həkimlərə müraciət edib.
Tibbi müayinə zamanı həkimlər gəncin qulağında yad cisim – qulaq tıxacının (beruşi) bir parçasını aşkar ediblər.
Araşdırma zamanı məlum olub ki, kişi iki il əvvəl ofisdəki səs-küylü və çox danışan həmkarlarından qorunmaq üçün bu vasitədən istifadə edib.
Həmin vaxt tıxaclardan biri parçalanıb və bir hissəsi qulaqda qalıb, lakin o, bunu unudub.
Həkimlər yad cismi çıxararaq ofis işçisinin eşitmə qabiliyyətini bərpa ediblər.

Xuraman Etibarlı
İnterpress.az






