“BTS solisti” Rusiyada təqaüdçü qadını müflis edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Primorye diyarının Dalnereçensk şəhərində 63 yaşlı qadın özünü məşhur Cənubi Koreya qrupu BTS-in solisti kimi təqdim edən dələduzun qurbanı olub.
K-pop musiqisinin pərəstişkarı olan qadınla əlaqə saxlayan naməlum şəxs ona birgə xeyriyyə fondu yaratmağı təklif edib.
Bir müddət davam edən müzakirələrdən sonra fırıldaqçı fond üçün “içərisində pul olan bağlama” göndərdiyini bildirib.
Çox keçmədən özlərini “gömrük əməkdaşı” kimi təqdim edən şəxslər qadınla əlaqə saxlayaraq pul köçürməsi üçün vergi tələb ediblər.
Aldadıldığından xəbərsiz olan təqaüdçü onlara 325 min rubl (təxminən 7 220 manat) məbləğində vəsait ödəyib.
Fırıldaqçılar bununla kifayətlənməyərək ssenarini davam etdiriblər. “Ulduz”un Rusiyaya gəlməyə hazırlaşdığını iddia edərək, inandırıcılıq üçün dublyor vasitəsilə videozənglər və koreya dili tərcüməçisindən istifadə ediblər.
Qadın “kumirinin” biletləri, qarşılanması və asudə vaxtı üçün daha 317 min rubl (təxminən 7 min manat) köçürüb.
Ümumilikdə 642 min rubl (təxminən 14 250 manat) pulu mənimsəyən dələduzlar sonuncu köçürmədən sonra əlaqəni kəsiblər.
Xuraman Etibarlı
İnterpress.az






