Türkiyədə İncirlik aviabazasını izləyən İran casus şəbəkəsi ifşa edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis qüvvələri uzunmüddətli araşdırmalardan sonra İranla əlaqəli olduğu bildirilən casus şəbəkəsini zərərsizləşdirib.
Keçirilən xüsusi əməliyyat nəticəsində şəbəkənin altı üzvü həbs edilib.
İstintaq materiallarına görə, casus şəbəkəsinə İran kəşfiyyatının əməkdaşları Nəcəf Rostami (“Hacı” ləqəbli) və Mehdi Yekə Dehqan (“Doktor” ləqəbli) rəhbərlik ediblər.
Şəbəkənin əsas vəzifəsi Adana şəhərində yerləşən, NATO-nun strateji obyekti və ABŞ-Türkiyə hərbi əməkdaşlığının mühüm mərkəzi olan “İncirlik” aviabazası haqqında məlumat toplamaq olub.
Casusların bazanın foto və videolarını çəkərək İran tərəfinə ötürdükləri müəyyən edilib.
Türkiyə rəsmiləri bəyan ediblər ki, bu əməliyyat sayəsində strateji obyektə qarşı planlaşdırılan mümkün təxribatların və düşmən xarakterli hərəkətlərin qarşısı vaxtında alınıb.

Xuraman Etibarlı
İnterpress.az






