Suriyada Culani qüvvələri “Əl-Hol” düşərgəsinə hücum edən öz döyüşçülərini güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə bölgədəki hərbi mənbələr və cihadçı resurslar məlumat yayıb.
Suriyada Əbu Məhəmməd əl-Culaninin rəhbərlik etdiyi ordunun bölmələri İŞİD üzvlərinin ailələrinin saxlanıldığı “Əl-Hol” düşərgəsinə sızmağa çalışan bir qrup döyüşçünü atəşə tutub.
Hücum edənlər düşərgədəki qadın və uşaqları azad etməyə cəhd göstəriblər.
Məhv edilən döyüşçülər arasında Misir vətəndaşı Əbu Musab əl-Masrinin şəxsiyyəti müəyyən edilib.
O, əvvəllər “Ənsar ət-Tövhid” qruplaşmasının üzvü olub, ötən il isə Suriya Müdafiə Nazirliyinin 82-ci diviziyasının tərkibinə daxil olub.
Əl-Masri ilə birlikdə olan digər suriyalı cihadçıların taleyi barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, insidentdən bir gün əvvəl döyüşçülər bir qrup misirli və çeçen qadını gizli şəkildə düşərgədən çıxararaq təhlükəsiz yerə apara biliblər.
Dəməşqə sadiq media qurumları hadisəni şərh etməyib. Lakin bir sıra cihadçı resurslar qadın və uşaqları hələ də “Əl-Hol”da saxladığına görə Əbu Məhəmməd əl-Culanini kəskin tənqid ediblər.
Sosial şəbəkələrdə müxtəlif əyalətlərin ağsaqqalları və yeni rejimin döyüşçüləri tərəfindən çəkilmiş müraciətlər yayılıb.
Onlar düşərgədə saxlanılan hər kəsin dərhal azad olunmasını tələb edirlər.

Xuraman Etibarlı
İnterpress.az






