Kuzbassdakı qocalar evinin sakinlərinə çürümüş yemək verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Kuzbass bölgəsində yerləşən internat evində sakinlərin dəhşətli şəraitdə saxlanıldığı və onlara keyfiyyətsiz qidaların verildiyi üzə çıxıb.
Müəssisə əməkdaşlarının sözlərinə görə, baş aşpaz iylənmiş toyuq ətini belə yeməyə yararlı hesab edib.
O, işçilərə xarab olmuş əti yuyub, duz və istiot əlavə edərək bişirməyi tapşırıb.
Bundan əlavə, internatda istilik problemi də yaşanır. İşçilər palataları isitmək üçün pəncərələri yapışdırıb istilik toplarından istifadə etsələr də, otaqlar hələ də soyuqdur.
Hazırda müəssisə rəhbərliyi zənglərə cavab vermir və vəziyyətlə bağlı hər hansı rəsmi açıqlama təqdim etməyib.
Xatırladaq ki, yanvar ayında kütləvi infeksiyanın olduğu Prokopyevskdəki bu psixiatrik internat məktəbində doqquz nəfər ölüb.
Xuraman Etibarlı
İnterpress.az






