İspaniyada “HƏMAS”ı maliyyələşdirən çinli bərbər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
İspaniya hüquq-mühafizə orqanları Barselona yaxınlığında bərbərxana sahibi olan 38 yaşlı Çin vətəndaşını “HƏMAS” qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinərək saxlayıb.
İstintaq materiallarına görə, müstəntiqlər şübhəli şəxsin nəzarətində olan virtual pul kisələrindən ümumi məbləği təxminən 2,2 milyon şekel (təxminən 1 012 000 manat) olan ən azı 31 kripto-əməliyyatı izləyə biliblər.
Məlumata görə, köçürmələr terror təşkilatı tərəfindən istifadə edilən strukturlarla əlaqəli olduğu ehtimal edilən ünvanlara göndərilib.
Şübhəlinin evində və iş yerində aparılan axtarışlar zamanı kripto-aktivlər, nağd pul, təxminən 9000 ədəd siqar, zinət əşyaları, kompüterlər və mobil telefonlar müsadirə olunub.
Polis bildirib ki, bu şəxslə bağlı araşdırmalar ötən ilin iyun ayında fırıldaqçılıq və çirkli pulların yuyulması işi çərçivəsində başlayıb.
Hazırda saxlanılan şəxsin “HƏMAS”la bilərəkdən əməkdaşlıq etdiyi və ya sadəcə bir vasitəçi olduğu araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






