Milanda italyan biatlonçu yarışdan əvvəl Olimpiadadan kənarlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici idman mediası məlumat yayıb.
Milanda keçiriləcək qış Olimpiya Oyunlarının başlamasına bir neçə gün qalmış ilk dopinq qalmaqalı baş verib. İtaliyalı biatlonçu Rebekka Passlerin dopinq testi müsbət nəticə verib.
İdmançının analizində 2008-ci ildən bəri idmanda qadağan olunmuş “letrozol” maddəsi aşkar edilib.
“Letrozol” tibbdə xərçəngin müalicəsində istifadə olunsa da, idman aləmində bu maddə anabolik vasitələrdən istifadənin göstəricisi (markeri) hesab olunur.
İndi Passler bu maddənin onun orqanizminə necə düşdüyünü izah etməlidir. Araşdırma müddətində idmançı yarışlardan kənarlaşdırılıb, onun adı artıq İtaliya Federasiyasının rəsmi saytından silinib.
Bu hadisə idmançı üçün həm də mənəvi cəhətdən ağır zərbə olub. Belə ki, Passler bu Olimpiadada biatlon yarışlarının keçiriləcəyi Antholz kommunasındandır.
O, doğma meydanda çıxış edəcək milli komandanın heyətinə daxil olsa da, nəticədə yarışları kənardan izləməli olacaq.
Qeyd edək ki, 24 yaşlı biatlonçu məşhur idmançı Yohann Passlerin qardaşı qızıdır. Yohann Passler 1988-ci ildə biatlonda Olimpiya medalı qazanan ilk italiyalı kimi tarixə düşüb.
Xuraman Etibarlı
İnterpress.az






