İordaniya hava məkanından İrana hücum üçün istifadəyə icazə verməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İordaniyanın xarici işlər naziri Ayman Safadi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bəyan edib ki, krallıq öz ərazisindən və hava məkanından İrana zərbələr endirmək üçün istifadə olunmasına icazə verməyəcək.
Safadi vurğulayıb ki, İordaniya “hər hansı regional münaqişədə döyüş meydanına çevrilməyəcək” və ölkənin, eləcə də vətəndaşlarının təhlükəsizliyini təhdid edən hava məkanı pozuntularına imkan verməyəcək.
Söhbət zamanı tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
İordaniyalı nazir gərginliyin artmasından narahatlığını ifadə edərək qeyd edib ki, Əmman Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin qorunması üçün yeganə yol kimi diplomatiyanı görür və münaqişənin qarşısını almağa yönəlmiş bütün siyasi səyləri dəstəkləyir.
Xuraman Etibarlı
İnterpress.az






