Şimali Koreyada “Kalmar Oyunu” izləyən şagirdlər edam edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı məlumat yayıb.
Şimali Koreyadan qaçan şəxslərin verdiyi məlumata görə, ölkədə üç yuxarı sinif şagirdi Cənubi Koreya istehsalı olan “Kalmar Oyunu” serialını izlədiklərinə görə ölüm hökmünə məhkum ediliblər.
Digər şagirdlər isə oxşar ittihamlarla əmək düşərgələrində uzunmüddətli həbs cəzası alıblar.
Bu sərt cəzalar ölkədə qüvvədə olan “reaksioner təfəkkürlə mübarizə haqqında” qanunla tənzimlənir.
Qanuna əsasən, qadağan olunmuş məzmunun saxlanılmasına görə 10 ilə qədər məcburi əmək, onun yayılmasına görə isə edam cəzası nəzərdə tutulur.
Məlumata görə, bəzi hallarda ailələr rüşvət verməklə cəzadan yayına bilirlər. Bunun üçün tələb olunan rüşvət məbləği 10 min dollara (təxminən 17 000 manat) qədər çatır.
Ölkədəki bütün qadağalara baxmayaraq, Cənubi Koreya serialları və musiqiləri “flaş-kartlar” vasitəsilə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olmağa davam edir.
Xuraman Etibarlı
İnterpress.az






