Qadın toyuna gəlməyən rəfiqəsini MƏHKƏMƏYƏ VERDİ – Hədiyyə verdiyi qızılın pulunu GERİ ALDIbackend

Qadın toyuna gəlməyən rəfiqəsini MƏHKƏMƏYƏ VERDİ – Hədiyyə verdiyi qızılın pulunu GERİ ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kayseridə maraqlı məhkəmə baş tutub. Qadın rəfiqəsinə verdiyi toy hədiyyəsini pul şəklində geri alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Kayseri əyalətində iki qadın arasında baş verən qeyri-adi məhkəmə çəkişməsi maraqlı nəticə ilə başa çatıb.

İddiaçı qadın keçmiş rəfiqəsinə qarşı iddia qaldıraraq, bir neçə il əvvəl onun toyunda bağışladığı qızıl zinət əşyasının dəyərinin geri qaytarılmasını tələb edib.

İşin materiallarına görə, qadın rəfiqəsinin toy mərasimində iştirak edərək ona qızıl hədiyyə edib. Lakin bir müddət sonra özü ailə qurarkən, dəvət olunan rəfiqəsi nə mərasimə gəlib, nə də hər hansı qarşılıqlı hədiyyə göndərib.

Hədiyyənin qarşılıqlılıq prinsipi əsasında verildiyini düşünən iddiaçı məhkəməyə müraciət edib. O, qızılın gələcəkdə bənzər bir jestin ediləcəyi gözləntisi ilə verildiyini israr edib.

Cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətdə iddiaya etiraz etmədiyi üçün məhkəmə iddiaçının xeyrinə qərar çıxarıb.

Tələb əsaslı hesab olunub və həmin qadından qızılın dəyərinin tutulması barədə qərar verilib. Diqqətçəkən məqam odur ki, məbləğ hədiyyənin verildiyi vaxtdakı qiymətlə deyil, qızılın hazırkı bazar məzənnəsi ilə hesablanıb.

Beləliklə, toya getməmək və hədiyyə qaytarmamaq Kayseri sakini üçün inflyasiya və qızılın bahalaşması nəzərə alınmaqla ciddi maliyyə xərci ilə nəticələnib.

Xuraman Etibarlı

İnterpress.az