Orenburqda sərxoş şəxs taksi sürücüsünün boğazına vintaçan saplayıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində taksi sürücüsünə qarşı qorxunc və amansız silahlı hücum baş verib. Sərxoş vəziyyətdə olan sərnişin taksi sürücüsünə hücum edərək əlindəki vintaçanı (otvyortka) onun boyun nahiyəsinə saplayıb.
Qətlin qarşısını yalnız ətrafdakı yoldan keçən şəxslərin müdaxiləsi və zərərçəkmişə vaxtında göstərilən təcili tibbi yardım sayəsində almaq mümkün olub.
Hadisəni törədən sərxoş təcavüzkar asayiş keşikçiləri tərəfindən hadisə yerindəcə yaxalanaraq saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə rəsmi cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
Ağır xəsarət alan taksi sürücüsü dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, həkimlər onun vəziyyətini stabil-ağır qiymətləndirirlər.
Mütəxəssislər yoldan keçən şahidlərin çevik reaksiyasını yüksək qiymətləndiriblər. Çünki onların müdaxiləsi olmasaydı, hadisə qaçılmaz ölümlə nəticələnə bilərdi.
Xuraman Etibarlı
İnterpress.az






