Moskvada bir pərəstişkarı fitnes məşqçisini çoxmərtəbəli binanın pəncərəsindən atıb. Daha sonra özünü güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın paytaxtı Moskvada 26 yaşlı fitnes məşqçisi yaşadığı dəhşətli hücum nəticəsində ağır xəsarətlər alıb.
Məlumata görə, 33 yaşlı Stanislav Ş. qadını mənzilinə dəvət edib. Bildirilir ki, onlar qızın gələcəkdə açmağı planlaşdırdığı idman zalının biznes planını müzakirə etmək üçün görüşüblər.
İlkin məlumata əsasən, Stanislav son bir il yarım ərzində məşqçinin işlədiyi idman zalına gedib və ona qarşı romantik hisslərini etiraf etsə də, qarşılıq almayıb.
İddialara görə, görüş zamanı kişi qadını döyməyə başlayıb və daha sonra ov tüfəngini götürüb.
Qadın kömək çağırmaq üçün pəncərəni açdığı zaman onu yaşayış binasının dördüncü mərtəbəsindən aşağı itələyib.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırıb. Həkimlər qadında ayaq və qabırğa sınıqları, eləcə də baş nahiyəsindən xəsarətlər aşkar ediblər.
Daha sonra kişinin meyiti mənzildə tapılıb. İlkin məlumata görə, o, intihar edib.
Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






