İsrailin 12-ci kanalının ofisinə növbəti dəfə hücum edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən məşhur 12-ci televiziya kanalının baş ofisinin giriş qapısı bir ay ərzində ikinci dəfə naməlum şəxslər tərəfindən sındırılıb.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, maskalı bir kişi binaya yaxınlaşaraq şüşə qapıya kərpic atıb və ərazidən uzaqlaşıb.
Telekanal rəhbərliyi bəyan edib ki, bu xoşagəlməz hadisə jurnalistlərə qarşı zorakılığa çağıran və qorxu yaradan təhdid dolu qraffitilərin divarlara yazılmasından sonra baş verib.
Hadisə ilə bağlı yerli polis tərəfindən dərhal rəsmi araşdırma başladılıb.
Eyni zamanda, bu ay ərzində Tel-Əvivdə yerləşən məşhur “Haaretz” qəzetinin redaksiyasının giriş qapısı da oxşar şəkildə maskalı şəxs tərəfindən darmadağın edilib.
Məlumata görə, hər iki halda kameralara düşən şübhəlinin eyni şəxs olduğu təxmin edilsə də, asayiş keşikçiləri tərəfindən hələlik heç bir həbs qərarı icra olunmayıb.
Polis media ofislərinə hücum edən vandalların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Xuraman Etibarlı
İnterpress.аz






