ABŞ Konqresinə namizəd olan Ukrayna əsilli siyasətçi çimərlikdə bıçaqlı dava törətdiyinə görə həbs edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Konqresinə namizədliyini irəli sürən Ukrayna əsilli demokrat siyasətçi Kirill Basin Havay çimərliklərinin birində bıçaqlı dava törətdiyi üçün asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Hadisə çimərlikdə dincələn bir təqaüdçünün ondan musiqinin səsini bir qədər azaltmağı xahiş etməsindən sonra baş verib.
Məlumata görə, bu adi xahişə kəskin reaksiya verən ukraynalı siyasətçi dərhal cibindən bıçaq çıxararaq yaşlı kişiyə hücum çəkib və dava salıb.
Lakin yaxınlıqdan keçən və hadisəyə laqeyd qalmayan digər bir nəfər dərhal müdaxilə edərək siyasətçini güclü zərbə ilə yerindəcə nokauta salıb.
Polis əməkdaşları Konqresə namizəd olan Basini ilk dəfə deyil ki, həbs edirlər. O, daha əvvəl yerli administrasiya binasında odlu silahla hədə-qorxu gəldiyi üçün də rəsmi məsuliyyətə cəlb olunmuşdu.
İndi onun istintaq dövründə zaminə buraxılması üçün məhkəmə tərəfindən 1 milyon dollar (təxminən 1,7 milyon manat) məbləğində rekord girov təyin edilib.
Xuraman Etibarlı
İnterpress.аz






