Ermənistan məhkəməsi 103 yaşlı Böyük Vətən müharibəsi veteranını dindirmək qərarına gəlib.
İnterpress.az xəbər verir ki, Ermənistanda 103 yaşlı Böyük Vətən müharibəsi veteranı Rozaliya Abqaryanın məhkəmə prosesində şahid qismində dindirilməsi planlaşdırılır.
Məlumata görə, məsələ “Güclü Ermənistan” partiyasının üzvü Qoar Qumaşyan barəsində açılmış cinayət işi ilə bağlıdır. O, seçkiqabağı dövrdə xeyriyyəçilik fəaliyyətinə qoyulan qadağanı pozmaqda ittiham olunur.
İstintaqın iddiasına görə, Qumaşyan veteran Rozaliya Abqaryana müəyyən məbləğdə pul verib. Qumaşyan isə Abqaryana artıq 10 ildir yardım etdiyini bildirir.
Yaşlı qadının bugünkü məhkəmə iclasında şahid qismində ifadə verməsi nəzərdə tutulsa da, səhhətində yaranan problemlər səbəbindən dindirmə baş tutmayıb.
Məhkəmə veteranın növbəti iclasda videobağlantı vasitəsilə dindirilməsinə qərar verib.
Xuraman Etibarlı
İnterpress.az






