Kaspiyskdə hamilə qadın quyunun yanında yıxıldığı üçün 200 min rubl təzminat alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə Lenin və İlyaşenko küçələrinin kəsişməsində baş verib. Hamilə qadın kanalizasiya quyusunun ətrafında kəsilmiş asfalt örtüyünə büdrəyərək yıxılıb.
Doğulacaq körpəsinin sağlamlığı üçün ciddi narahatlıq keçirən zərərçəkən məhkəməyə müraciət edərək 2 milyon rubl (təxminən 40 min 640 manat) məbləğində kompensasiya tələb edib.
Məhkəmə araşdırması zamanı sözügedən quyunun Vahid Operatorun cavabdehlik daşıdığı su təchizatı şəbəkəsinə aid olduğu müəyyən edilib.
Məhkəmə mənəvi zərərin vurulduğunu təsdiqləsə də, ödəniləcək təzminat məbləğini iddia edilən rəqəmdən azaldaraq 200 min rubl (təxminən 4 min 64 manat) həcmində müəyyən edib.
Xuraman Etibarlı
İnterpress.az






