İsrailin baş naziri Netanyahunun Nyu-Yorkda, BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması Türkiyə mediasının bir hissəsində ölkəmizə qarşı yeni ittihamlara səbəb olub. Əvvəla onu qeyd edək ki, Türkiyə mediasında təhrif olunmuş şəkildə təqdim edilir.

Türkiyə mətbuatı və sosial şəbəkələrində “Hər kəs zalı tərk etdi, Azərbaycan qaldı”, “Yalnız Azərbaycan təmsilçisi Netanyahunu dinlədi”, “”Qardaşımız” dediyimiz Azərbaycan Netanyahunu dinlədi” və “BMT-də böyük məyusluq yaradan ölkə: Azərbaycan” kimi başlıqlarla dezinformasiya xarakterli materiallar tirajlanır.
Türkiyə mediası məsələni sanki zalda yalnız Azərbaycan diplomatının əyləşdiyi kimi qələmə versə də, reallıqda BMT Baş Assambleyasında Qazaxıstan da daxil olmaqla 40-a yaxın ölkənin nümayəndəsi olub. Buna baxmayaraq, diqqətin məhz Azərbaycanın üzərinə yönəldilməsi təsadüfi deyil.
Türkiyədə İsrail-Fələstin münaqişəsindən sui-istifadə edərək Bakıya qarşı anti-Azərbaycan kampaniyası aparan müəyyən dairələr mövcuddur. Həmin dairələrin Azərbaycandakı uzantıları da özlərini dövlətimizin müdafiəsi rolunda göstərərək Türkiyəyə qarşı yazılar tirajlayır. Hər fürsətdə eyni iddialarla çıxış edən və iki qardaş ölkənin münasibətlərini pozmağa çalışan bu qüvvələrin həqiqətən Fələstin davası apardığı, yoxsa anti-türk mərkəzlərin maraqlarına xidmət etdiyi sual doğurur.
Əslində səslənən fikirlər, irəli sürülən arqumentlərin əsassızlığı məsələnin siyasi təhlildən daha çox iki qardaş ölkə arasında təxribat layihəsi olduğu görünür. Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslığı ilə seçilir və Fələstini açıq şəkildə dəstəklədiyini ifadə edir. Təbii ki, bu cür mövqe tutmaqda Türkiyənin obyektiv və subyektiv səbəbləri var. Amma Azərbaycanın da sərgilədiyi mövqe əsassız deyil.
30 ilə yaxın davam edən işğal dönəmində, Vətən müharibəsi günlərində, eyni zamanda sonrakı dövrdə qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, İsrail də bu illər ərzində Azərbaycana daim dəstək verib. Üstəlik, yəhudi lobbisi Azərbaycan haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda daim fəal rol oynayıb. Bütün bu dəstəklər isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında böyük əhəmiyyət kəsb edib. Ona görə də Azərbaycan Türkiyə ilə yanaşı İsrailin dəstəyini də hər zaman yüksək qiymətləndirir.
Son olayda da Azərbaycan diplomatının zalda qalması, hansısa çıxışı dinləməsi və İsraillə münasibətləri rəsmi Bakının suveren hüququ və daxili işidir. Bu xırda zeyniyyət sahiblərindən uzaq yüksək dövlət təfəkkürü tələb edən bir məqamdır. Necə ki, bütün bu gərginliyin fonunda Türkiyə Cumhurbaşqanı 27 sentyabr Anım Günü ilə bağlı paylaşım etdi və Azərbaycan Prezidenti ilə telefonla danışdı. Əsl dövlət təfəkkürü budur.
Türkiyə və Azərbaycan kimi qardaş ölkələr arasında münasibətlərdə məsuliyyət daha da böyükdür. Çünki bu münasibətlər təkcə diplomatik deyil, həm də tarixi, mənəvi və mədəni bağlara əsaslanır. Türkiyə və Azərbaycan bir-biri ilə şəhid qanları ilə bağlanan qardaş ölkələrdir.
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki suveren dövlət arasında əlaqələrdən ibarət deyil, bütöv Türk dünyasının strateji dayağı və gələcək birliyinin əsas sütunudur. Bu münasibətlər milli və tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan heç vaxt bu dəyərləri və əlaqələri zədələyəcək addımlar atmayıb, əksinə, onları daim möhkəmləndirməyə çalışıb. Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”!






