Elçibəyin İstanbulda “yoxa çıxması”: şahid uydurmanı ifşa edirbackend

Elçibəyin İstanbulda “yoxa çıxması”: şahid uydurmanı ifşa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, prezident seçiləndən az sonra, 1992-ci ilin iyun ayında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün İstanbula səfəri zamanı “oteldən yoxa çıxması” barədə guya indiyədək dövlət sirri kimi qorunan hadisədən yazmışdı. Qəzet yazırdı ki, Elçibəy sammitin başladığı gün səhər tezdən qaldığı “Çırağan” otelindən çıxıb və adi şəhər taksisinə minərək harasa gedib.

Sammitin təşkilat işlərinə məsul olan Türkiyə vəzifəliləri Elçibəyin “yoxa çıxması” barədə baş nazir Dəmirəli məlumatlandırıb.

Dəmirəlin təlimatı ilə İstanbulun polis rəisi bütün polisi ayağa qaldırıb və Elçibəyi taksidə oturaraq Topqapı sarayına tamaşa edərkən tapıblar. Azərbaycan prezidenti onun arxasınca gələn polislərə deyib ki, İstanbula heyrandır və ata-babalarımızın yaşadığı Topqapı sarayına uzaqdan da olsa tamaşa etmək istəyib.

Elçibəyin İstanbulda “yoxa çıxması”: şahid uydurmanı ifşa edir

Lakin Elçibəyi Türkiyəyə həmin səfərdə müşaiyət edən nümayəndə heyətinin üzvü, AzTV-nin keçmiş müxbiri, haqqin.az saytının müəlliflərindən jurnalist Tofiq Abbasov “Hürriyət” qəzetinin yazdıqlarının tamamilə uydurma olduğunu bildirir. T.Abbasovun yazısını təqdim edirik.

“Hürriyət” qəzetində Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin 1992-ci ilin iyun ayında İstanbula işgüzar səfəri zamanı “sirli şəkildə yoxa çıxması” haqda əhvalatı oxudum…və heyrətə gəldim.

Bu sammitin bilavasitə şahidi və nümayəndə heyətinin üzvü olaraq mən Azərbaycan Milli Televiziyasının müxbiri olaraq rejissor-operator Nicat Əliyevlə birlikdə həmin səfəri işıqlandırmışam. Və tam əminliklə deyirəm ki, 24 il sonra Türkiyə qəzeti insunasiya əsasında oxucu kütləsini pikant təfərrüatlara cəlb etmək üçün sensasiya yaratmağa çalışır.

Qəzet bu uydurma sensasiya üçün seçdiyi obyekt yazının süjeti kimi nəinki eks-prezidentin şəxsiyyətinə, eyni zamanda Azərbaycan dövlətinin imicinə kölgə salır. Və ümumiyyətlə, qardaş ölkədə hərdən bu cür uydurmalarla məşğul olarq hadisələrə və onların fiqurantlarına kölgə salmaq cəhdlərini görməmək mümkün deyil.

Elçibəyin sirli şəkildə yoxa çıxması əhvalatı da İstanbul polisinin rəisi qismində uydurma personajı ilə birlikdə tamamilə müəllifin banal fantaziyasının məhsuludur.

Sammit elə sammitdir

Həmin səfərdə bu cür eksesslər və kuryozlar olmayıb və ola da bilməzdi. Çünki QİƏT sammitinin işçi qrafiki və planlaşdırılan görüşlər o qədər sıx idi ki, Azərbaycanın yeni seçilmiş prezidenti protokola bütün ciddiyəti ilə əməl edirdi. O, həmişə göz qabağında idi.

Proqramdan yayınma cəmi iki dəfə baş verdi. Səfərin birinci günündə, iyunun 25-də Elçibəy günorta naharından sonraya təyin olunmuş mətbuat konfransına gecikdi, bu da çoxsaylı jurnalistlər arasında narazılıq yaratdı. Ləngimənin səbəbi isə Qarabağda gedən ağır döyüşlər idi və Azərbaycan lideri “Kempinski” otelində jurnalistlərlə görüşdən əvvəl Bakıya zəng edib hərbi rəsilərlə telefon müzakirələri aparmışdı.

O, zalda görünən kimi jurnalistlərin narazılığını peşə diqqəti əvəzlədi, televiziya və fotokameraların intensiv şaqqıltısı, səsyazan qurğular dərhal işgüzar atmosfer yaratdı.

Qısa giriş nitqindən sonra Elçibəy türkiyəli və xarici jurnalistlərin suallarına cavab verməyə başladı. Prezident mətbuat konfransını tərk etməyə tələsmirdi və bir az ləngidi, bununla da gecikməyini kompensasiya etdi. Bu d müəyyən qədər media nümayəndələrinin ürəyincə oldu.

Elçibəyin İstanbulda “yoxa çıxması”: şahid uydurmanı ifşa edir

Proqramdan ikinci yayınma ertəsi gün baş verdi. İyunun 26-da səhər Çin uyğurlarının lideri, 92 yaşlı Yusuf Ziya Alptekin Elçibəylə görüşmək üçün otelə gəlmişdi. Söhbət uzandı, çünki iki hərəkat lideri bu vaxta qədər görüşməmişdilər və ancaq qiyabi tanış idilər.

Söhbət planlaşdırılandan bir az uzun çəkdi və xatirə fotoları çəkdirəndən sonra Elçibəy onu müşaiyət edən nümayəndə heyəti, mühafizəçilər və protokol katibi ilə birlikdə ləngimədən sammitin keçirildiyi konfrans-zala tələsdi.

Onun baş nazir Dəmirəllə görüşü ertəsi gün, iyunun 27-də saat 1-ə qalmış baş tutdu və tərəflər bir saatdan çox vaxt ərzində Qarabağ dilemması, ikitərəfli və regional münasibətlər barədə mürəkkəb müzakirələr apardılar. Yeri gəlmişkən həmin günlərdə Türkiyənin Ermənistanın Azərbaycana təcavüzünə qarşı özünü necə aparmalı olduğu məsələsi həll olunurdu.

Sammit iştirakçıları arasında erməni lider Levon Ter-Petrosyan da var idi, onun özünü qalib kimi aparması diqqətlərdən yayınmırdı. Məlum səbəblərdən o, İstanbul sammitindən dərhal sonra Azərbaycan nümayəndə heyətindən fərqli olaraq Türkiyəni tərk etdi, ağlına da gətirmədi ki, onun azərbaycanlı həmkarının qardaş Türkiyə torpağında ləngiməsi Ermənistanla sərhədlərin bağlanması sürprizi ilə nəticələnəcək.

Elçibəyin Türkiyə rəhbərliyi ilə sonrakı görüşləri Ankaranın İrəvanla münasibətlərinin taleyini həll etdi.

Müxtəlif hallar olur

Həmin səfərin İstanbul hissəsinin iki epizodunu yada salmaya bilmərəm. İyunun 26-da Bosfor sahillərindəki “Çırağan palace” otelində sammitdə iştirak edən 10 prezidentin şərəfinə təşkil edilən ziyafət zamanı onlar rahatlıqla kənara çəkilib söhbət edirdilər. Belə alındı ki, bizim Ter-Petrosyanla müsahibəmizdən sonra erməni lider qəfildən Elçibəylə üz-üzə gəldi.

Bir-biri ilə müharibə aparan dövlətlərin liderləri gözlənilmədən qarşılaşanda situasiya avtomatik olaraq iştirakçı kütlənin diqqətini cəlb edir. Qısa pauzadan sonra Elçibəy Ter-Petrosyana müraciət edib rusca dedi: “Mən insanların ölümünə, təcavüzə görə sizi qınayıram, siz düzgün yolda deyilsiniz…” Bu, təkcə siyasətçinin qəlbinin harayı deyildi, eyni zamanda ölkəsində ali postu tutan vətəndaşın müharibə faciəsinin dərinliklərini dərk etməsi idi. Bundan sonra prezidentləri müşaiyət edənlər mətbuat nümayəndələrini kənarlaşdırdılar və Elçibəylə Ter-Petrosyan arasında qısa söhbət oldu, onlar ayrıldılar.

İkinci məqam Rusiyanın o vaxtkı lideri Boris Yeltsinlə bağlı idi. Nəyə görəsə onu müşaiyət edən komanda Yeltsini Bosfor sahillərinə vertolyotla gətirmişdi. Vertolyot iştirakçıların cəmi 20 metrliyində meydançaya endi, ancaq Rusiya prezidenti vertolyotdan çıxmadı. Sonradan məlum oldu ki, Yeltsin sərxoş imiş və yatıbmış.

Epiloq

Həmin günlərin hadisələrini xatırlayanda “Hürriyət”dən olan həmkarlarımın nəyə görə bu uydurmaya əl atdıqlarını anlaya bilmirəm. Kim bilir, onlar bununla nə məqsəd güdürlər… (virtualaz.org)

İnterpress.az