Polşalı deputat Çin xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinir.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Polşa Seyminin müxalifətdən olan deputatı Sohaykonun Çin brendi Even Realities-ə məxsus ağıllı eynəklərdən istifadə etməsi ölkə mediasında müzakirələrə səbəb olub.
Daxili teleprompter funksiyası olan eynəklərlə parlament iclaslarında iştirak edən deputat Çin xüsusi xidmət orqanlarına yardım etməkdə şübhəli bilinir.
Sohayko eynəklərdən istifadə etdiyini gizlətmir. O, bu cihazın ictimai çıxışlar zamanı praktik fayda verdiyini bildirir.
Polşa telekanalları isə eynəklərin daxili mikrofonları vasitəsilə toplanan məlumatların Çin hakimiyyətinə və xüsusi xidmət orqanlarına ötürülə biləcəyi ehtimalını gündəmə gətiriblər.
Polşa mediasının dəvət etdiyi ekspertlər, o cümlədən xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları bu cür Çin istehsalı cihazların Seymin binasında istifadəsinin qadağan edilməsini təklif ediblər.
Bununla belə, deputatın Çin xüsusi xidmətləri ilə əməkdaşlıq etdiyini təsdiqləyən faktlar təqdim olunmayıb.
Xuraman Etibarlı
İnterpress.az






