Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində İstanbulda Atatürk aeroportunda terror hücumu, Azərbaycanda radikal dini qurumlara qarşı mübarizədən danışıb.
Amerikanın Səsi: İstanbul aerportundakı terror hücumunu həyata keçirən \”canlı bomba\”ların çeçen və türkdilli ölkələrin vətəndaşları olması təəccüb doğurmurmu? Media terroru hazırlayanlar arasında Azərbaycan vətəndaşının da olduğunu bildirir. Bütün bunlar Azərbaycan üçün hansı yeni təhlükələr doğura bilər?
Mübariz Qurbanlı: Əvvəla, mən hesab edirəm ki, terrorçunun milliyəti, vətəni, cinsi, irqi yoxdur. Bütün hallarda terrorçu terrorçudur və terrorçuları ayrı-ayrı millətlərə, ayrı-ayrı ölkələrin vətəndaşlarına bölərək, bu və ya digər ölkədən olan vətəndaşa görə, həmin ölkəni hansısa bir formada qaralamaq, həmin ölkəyə qarşı qaralama kampaniyası aparmaq doğru olmazdı. Mən dediyiniz bu coğrafiyadan bu şəxslərin terror qruplarının cənginə keçməsinə təəccüblənmirəm. Həmin terror qruplaşmasının təsiri altına çeçen də, özbək də, qırğız da, fransız da, Birləşmiş Ştatlar vətəndaşı da, Böyük Britaniya vətəndaşı da düşə bilər. Ona görə də, burada təəccüblü bir şey yoxdur. Əsas məsələ odur ki, həmin terror qruplaşması, DAİŞ (ad-Dawlah al-Islamiyah fil-\’Iraq wa ash-Sham – İraq Şam İslam Dövləti, yəni İŞİD-in ərəbcə deyilişidir-red) deyilən
Terror qruplaşması şirnikləndirmə, təşviqat və ya ələ alma, satın alma və sair, və yaxud da dini fanatizmin təbliğatı yolu ilə bu cür insanları yoldan çıxara bilirlər.
Azərbaycan vətəndaşının bu qruplaşma içərisində, yəni İstanbulda törədilən terror qruplaşması içərisində olması məsələsi hələlik tam şəkildə dəqiq müəyyən edilməyib. Sadəcə, Türkiyədə yaşayan bir Azərbaycan vətəndaşı söhbətə dəvət olunub və onun da bu prosesdə tam şəkildə içtirak edib-etməməsi tam dəqiq deyil. Ona görə də bizim üçün bu, o qədər də təhdid deyil. Biz, əlbəttə bütün dünya ilə birlikdə terrora qarşı mübarizədə iştirak edirik. Ancaq, terrora qarşı heç bir ölkə sığorta olunmayıb. Azərbaycan da terrordan əziyyət çəkən ölkədir, zamanında erməni terrorundan əziyyət çəkib. Əlbəttə, qabaqlayıcı tədbirlər görülür və görülməlidir.
Amerikanın Səsi: Son illərdə Azərbaycan məhkəmələrində ittiham edilən bir çox radikal islamçılar ölkəni ədalətsizlik və sosial çətinliyə görə tərk etdiklərini bildirir. Sizcə Azərbaycanda dindarların radikallaşmasına şərait yaradan əsas amillər nədir?
Mübariz Qurbanlı: Əvvəla, sizə deyim ki, radikal dini qruplaşmalara, ekstremis qruplaşmalara qoşulanlar heç də dindar adamlar deyil. Sadəcə, bizdə belə yanlış təəssürat yaranıb ki, bu cür şəxslər guya din adamlarıdır və məhz dinlə məşğul olan adamlardır, mömin adamlardır, bunlar gedib hansısa radikal qruplara qoşulublar. Həmin məhkəmələrdə ittiham olunan və cəzalanan şəxslərlə bağlı biz araşdırma aparmışıq. Onların böyük əksəriyyəti bütövlükdə heç vaxt dinlə məşğul olmayan və dinlə bağlı bilgisi olmayan şəxslərdir. Bunların bir çoxunun, ümumiyyətlə ailəsində dinlə bağlı hansısa ənənələr belə olmamışdır. Bu şəxslərin demək olar ki, böyük əksəriyyəti maddi maraq və ya məcarə axtarmaq naminə bu cür qruplaşmalara qoşulublar. Məsələn, sizə bir epizod deyim. Bir nəfərə söhbət əsnasında sual verilir, – “sən nəyə görə bu ekstremist dini qruplaşmalara qatıldın?” Deyir ki, mən getdim məscidə, orada insanları gördüm, xəbər aldım ki, Suriyaya necə gedə bilərəm? Sual verilir, – “Siz məscidə əvvəllər də gedirdinizmi?” Deyir yox, mən Suriyaya getmək istəyirdim. Dedim ki, yəqin məsciddəkilər mənə yolu öyrədərlər. Bu adi bir epizoddur. Amma, bu epizodun arxasında çoxlu sayda faktlar dayanır. Ona görə də bu cür şəxslər nə sosial ədalətsizlikdən, nə siyasi ədalətsizlikdən, nə bunların iddia etdikləri digər ədalətsizliklərə, – bunlara mən dırnaqarası ədalətsizliklər deyərdim, – görə yox, sadəcə bunların təsnifatını mən belə verərdim: Birincisi, maddi maraq naminə bu cür fəaliyyətlə pul qazanmaq istəyi, ikincisi, çox gənc yaşda olanlar məcarə axtarışı və yaxud da seks-cihad altında orada çoxlu xanımlarla təmas qurmaq imkanı olacağı haqqında düşünərək gedənlər var. Bir qismində isə həmin ərazilərə gedərək, bu ərazilərdə məskunlaşmaq və yaxud burada hansısa vəsaiti ələ keçirərək, sonra Azərbaycana qayıtmaq, bu kimi düşüncə tərzi var. Bunların içərisində çox az faiz fanatik düşüncəyə məxsus olanlar, fanatizmə yuvarlananlar var. Bunlar da vardır. Amma, əsasən dediyim kimi, maddi marağı olanlardır. Mən, məsələn, bu adamlardan rast gəlmişəm ki, o əvvəl radikal qruplara qoşulub, guya İŞİD-in təbliğatını yayanlardan olub, sonra burada maddi marağı təmin olunmayanda məscidə gedib, möhürlə namaz qılıb. Bununla da demək istəyir ki, mənim üçün fərqi yoxdur. Yəni, din faktoru burada əsas deyil. Bir faktı da deyim. Ümumiyyətlə, İŞİD-in bütün kontingentini təhlil etsəniz, onların 70 faizinin dinə aidiyyiatı olmayan adamlar olduğunu və beynəlxalq miqyasda quldurlar olduğunu görərsiniz.
Amerikanın Səsi: Azərbaycanın dini radikallığa qarşı apardığı mübarizənin əsasını nə təşkil edir? Hətta, Prezident Administrasiyasının rəhbəri bildirmişdi ki, “elə bil Azərbaycanın mövhumata qarşı kəskin tənqidi çıxış edən Mirzə Ələkbər Sabirləri, Mirzə Cəlilləri” olmayıb.
Mübariz Qurbanlı: Dini radikalizmə qarşı mübarizənin üç istiqaməti var, – ideoloji mübarizə, iqtisadi və hüquqi müstəvidə gedən mübarizə. Bu mübarizəni biz sistemli şəkildə digər qurumlarla əlaqəli şəkildə davam etdirməkdəyik. Bütövlükdə dinin yaratdığı fəsadlar var. Dində iki fəsad var, – bir dini xurafat var, mövhumat da deyirik buna, bir də radikalizmi var, yəni dinin siyasiləşməsi var. Dini radikalizmi və dini xurafat, bu bir medalın iki üzvüdür. Buna qarşı mübarizədə, əlbəttə Cəlil Məmmədquluzadələr də, Mirzə Ələkbər Sabirlər də, Nəriman Nərimanovlar da, – Azərbaycanın işıqlı ziyalıları zamanında olubdur. Onlar dini mövhumata və dini xurafata qarşı öz əsərləri ilə ciddi mübarizə aparıblar. Dini xurafata qarşı bu gün də, Azərbaycanda mübarizə var, bu gün də Azərbaycanın ziyalıları içərisində bu cür yazılar yazanlar var, filosoflarımız var. Bu cür düşünən və dini xurafatın zərərlərini görərək onun əleyhinə təşviqat aparanlar var, mediada çıxışlar var və sairə. Dini radikalizmi başqa bir təzahürdür. Dini radikalizmə qarşı mübarizədə çox böyük rol oynayan məsələlərdən biri, həmin radikal dini qrupların iqtisadi bazasının çökdürülməsidir. Çünki, burada iqtisadiyyat çox önəmli yer tutur. DAİŞ və digər radikal qrupların iqtisadi bazası çökdürülərsə, onlar qısa zamanda aradan çıxacaqlar. Çünki, iqtisadi baza, yeni şəxslərin cəlb edilməsi, satın alınması, silahların alınması və sair amillərdə böyük rol oynayır. Ona görə də, biz iqtisadi bazanın çökdürülməsi, ideoloji baxımdan dini radikal qrupların islama aid olmaması, eyni zamanda hüquqi müstəvidə hüquq-mühafizə orqanları vasitəsi ilə bu cür radikal qruplara qoşulub qanunları pozanlara qarşı cinayət işlərinin qaldırılaraq Azərbaycan məhkəmələri vasitəsi ilə onların müəyyən müddətə cəzaya məruz qalması kimi addımlar atırıq.
Amerikanın Səsi: Son zamanlar ilk dəfə olaraq özünü İŞİD fəallarından hesab edən şəxs, Azərbaycanın rəhbərlərini, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədrini hədələyən bəyanatla çıxış edib. Radikal dini cərəyanların ölkəyə ixracının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülür? Regionun dini qurumları dini maarifləndirmə sahəsində birgə tədbirlər həyata keçirirmi?
Mübariz Qurbanlı: Dini maarifləndirmə sahəsində biz çoxsaylı tədbirlər həyata keçiririk. Cənab prezidentin dini maarifləndirmə ilə əlaqədar dini komitəyə ayırdığı vəsaitə uyğun olaraq, yalnız bir il ərzində 102 layihə həyata keçirmişik. Bu layihələr dini icmalar vasitəsi ilə reallaşdırılıb. Eyni zamanda, dini maarifləndirməni region ölkələri ilə koordinasiya etmək məqsədi ilə, biz İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin müvafiq dini qurumları ilə, Gürcüstanın dini qurumları ilə, həmçinin Mərkəzi Asiya ölkələrinin dini qurumları ilə vaxtaşırı fikir mübadiləsi aparmışıq. Mənim dini komitənin sədri olaraq İrana, Türkiyəyə səfərlərim olub. Dini komitənin sədr müavinləri Tacikistanda, Türkiyə, Rusiya və sair ölkələrdə, o cümlədən Dağıstanda keçirilən tədbirlərdə iştirak edib. Bu yolla biz koordinasiyanı həyata keçiririk. Dini radikalizmə qarşı mübarizə ilə əlaqədar öncə dedim, burada üç istiqamət var. Bu istiqamətlərin biri digərini tamamlayır və bunun birini digərindən ayırmaq mümkün deyil. Dini radikalizmin kökünü kəsmək üçün islami dəyərləri olduğu kimi insanlara çatdırmaq lazımdır. Burada biz, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə hərəkət edirik. Qafqaz Müsəlmanları İdarəsi ilə bizim birgə tədbirlər planızmız var. Həm də Azərbaycanda məscidlərdə çalışan din xadimlərinə xüsusi kurslar təşkil olunur. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və eyni zamanda Şeyxülislam Allahşükür Paşazadənin birbaşa iştirakı ilə müxtəlif bölgələrdə konfranslar və tədbirlər keçirilir. Eyni zamanda da bizim hüquq-mühafizə orqanları ilə tədbirlər planımıza uyğun olaraq hüquqi müstəvidə radikal dini qruplara qarşı mübarizənin koordinasiya olunması istiqamətində işlər aparırıq.
İnterpress.az