Bakıda ardıcıl yanğınlar törədən MTN-dirmi? ARAŞDIRMAbackend

Bakıda ardıcıl yanğınlar törədən MTN-dirmi? ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdaşımız Azərbaycandakı sirli yanğınlar seriyasının izinə düşüb

Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsini söyləməyə əsas verən iddialar ortadadır.

İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə üzə çıxanlar – təqsirləndirilənlərin fikirləri, zərərçəkənlərin məhkəmə binası önündə jurnalistlərə söylədikləri – binanın qəsdən yandırılması versiyasını gücləndirib.

“Alov şou”su Şəmkirdən Bakıya təsadüfən transfer olunub?

Binəqədidəki bina Avropa Oyunlarına sayılı günlər qalmış yanmışdı. Bu ərəfədə oyunların məşəli ölkənin rayonlarını dolaşır, əldən-ələ keçirdi. Bakıda bina yanan gün – mayın 19-da məşəlin Şəmkirə çatacağı da bəlli idi.Telekanallarda məşəlin Şəmkirə çatmasının möhtəşəm “alov şou”su ilə qeyd olunacağı diqqətə çatdırılırdı. Məşəl günorta saatlarında Şəmkirə çatmalı və şou başlanmalı idi. Amma bundan 2-3 saat əvvəl, səhər 10-11 arası Bakıda 16 mərtəbəli bina “kibrit qutusu” kimi yandı. Və dərhal binanın qəsdən yandırılması fikri meydana gəldi.Sanki binanın yandırılmasını planlamışdılar və “alın, bu da sizə ”alov şou\”su\” söyləmək istəyirdilər…

Bakıda ardıcıl yanğınlar törədən MTN-dirmi? ARAŞDIRMA

16-cı kimdir?

Binada yanğın söndürüləndən dərhal sonra 16 nəfərin öldüyü, 56 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilirdi. Bu gün isə ölü sayı ilkin xəbərlərdə göstərilənlərdən 1 nəfər olmaqla azdır və ortalıqda da 1 kişi meyitinin fotosu var. Həmin meyitin başı qan gölməçəsindədir. Əlində isə döyməyə (nakolka) oxşar izlər var. Araşdırmaya bu istiqamətdən başladıq. Kimdir bu şəxs? Yanmış binada meyitləri müayinə etmiş, gözləri ilə görmüş şəxslər sorğularımıza cavab olaraq deyiblər ki, fotodakı şəxsin kimliyi haqda məlumatsızdırlar. Onlar ölənlər arasında əlində döyməsi olan şəxsə rast gəlməyiblər. Bəs kimdir bu şəxs?

Rəsmi məlumatlara görə, məşum olay zamanı 14 nəfər yanğın zamanı əmələ gələn qazlardan zəhərlənərək dünyalarını dəyişiblər. 15-ci şəxs – Yaşar Fazil oğlu Nəcəfzadə isə hündürlükdən yıxılıb və ölüb.

Zəhərlənən 14 şəxsdən 4-ü azyaşlı uşaq, 1-i ahıl qadın, digəriləri 20-70 yaşlı sakinlər olub. Y.Nəcəfzadə də daxil olmaqla ölənlərdən 6 nəfəri kişi cinsinin nümayəndəsidir. Onlardan 2-si azyaşlıdır. Yerdə qalan 4 nəfərin – Yaşar Nəcəfzadənin, Davud Eyvazovun, Sahib Bağırovun və Yuriy Utyuşovun əllərində döymə olmayıb!

Görəsən fotodakı meyit kimin olub və yanğın olan ərazidə haradan peyda olub? Fotodan belə təəssürat yaranır ki, həmin şəxs hündürlükdən yıxılıb və başı yerə çırpılaraq kəllə sümüyü parçalanıb, qanı axıb. Bu, Yaşar Nəcəfzadə ola bilərdi?

Bilərdi. Amma Yaşar Nəcəfzadəni tanıyanlar deyir ki, onun əlində döymə olmayıb! Deməli, meyit ona məxsus deyil. Bəs kimin meyitidir?

Y.Nəcəfzadə haqında topladığımız informasiyalar bunlardır – 1988-ci il təvəllüdlüdür, Hacıqabul rayonunun Qazıməmməd kəndirdəndir. Texniki Universitetin məzunu olan Y.Nəcəfzadə\”Favorit\” marketlər şəbəkəsinin adminstratoru olub. Ortabab gəliri olan Y.Nəcəfzadə həmin binada mənzili Zaur adlı şəxsdən olaydan 6 ay əvvəl kirayələyib. 2 otaqlı mənzili 2 hissəyə bölən ev sahibi 1 otağı Y.Nəcəfzadəyə nə az-nə çox – 300 manata kirayəyə veribmiş.

Maraqlı sual yaranır – Y.Nəcəfzadə maaşının az qala yarısını verib daha normal şəraitli mənzil kirayələyə biləcəyi halda 1 otaqlı mənzili niyə kirayələyib? Axı o, həmin mənzilin əvəzində elə iş yerinin həndəvərində daha az pul xərcləməklə daha yaxşı şəraitli 2 otaqlı mənzil kirayələyə bilərdi.

Üstəlik yanan binanın lifti tez-tez xarab olub, Y.Nəcəfzadə bütün günü iş yerində ayaq üstündə olduğunu nəzərə alsaq, onun lifti işləməyən, əlverişsiz, mənzildə qalması şübhəli görünür.

Bundan başqa Y.Nəcəfzadə olay zamanı binanın 12-14-cü mərtəbələri arasında özündən 10-15 yaş böyük olan Hilal adlı bina sakini ilə pilləkənlərdə rastlaşıb.

Həmin şəxslə bir neçə mərtəbə düşən Y.Nəcəfzadə qəfildən geri dönüb. Hilal isə aşağı enərək binadan çıxıb və sağ qalıb. Y.Nəcəfzadə niyə geri dönüb? Məqsədi nə olub? Özünü binadan atmaq üçünmü? Niyə?Axı o da sərbəst şəkildə binadan çıxa bilərdi. Bunun əvəzində niyə geri qayıdıb özünü yanan binadan atsın?

“Hüquqi dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, uzun illər prokurorluq orqanlarına çalışmış Müəffər Baxış Binəqədidəki yanğının qəsdən törədilməsi ilə bağlı “Yeni Müsavat”a olduqca maraqlı bir fikir söyləmişdi. Demişdi ki, istintaq olay zamanı hündürlükdən yerə çırpılmaqla dünyasını dəyişmiş yeganə şəxs olan Yaşar Nəcəfzadənin kimliyini, əlaqələrini ən ciddi şəkildə araşdırmalıdır. İstintaqın bu məsələni araşdırıb-araşdırmaması hələlik bəlli deyil.

Bundan başqa Y.Nəcəfzadənin binadan xeyli aralıya düşməsi də diqqət çəkir. Əgər Y.Nəcəfzadə özünü aşağı atırdısa, o, binadan nə qədər aralı düşə bilərdi? Rəsmi versiyaya görə, Y.Nəcəfzadə özünü binanın yan hissəsindən, 8-ci mərtəbədən atıb. Həmin binanın yan hissəsində, 8-ci mərtəbədə pəncərə yoxdur.Pəncərə binanın 14-cü mərtəbəsindədir. 14-cü mərtəbə ilə 8-ci mərtəbə arasında 6 mərtəbə fərq var və istintaqçıların diqqətindən bu məqamın yayınması ağlabatan deyil. Y.Nəcəfzadə özünü 8-ci mərtəbədən atmayıbsa, deməli, geriyə, 14-cü mərtəbəyə qayıdıb.

Nəcəfzadə niyə ölməyə hazırlaşırmış?

Y.Nəcəfzadənin sosial şəbəkələrdəki profilində onun qəbiristanlığın qapısında çəkdirərək paylaşdığı fotoya rast gəldik. Həmin fotonun altında dostları ilə yazışmalarında Y.Nəcəfzadə “ora hazırlaşıram, brat” sözlərini də oxuduq. Mümkündür ki, bu sırf bir təsadüfdür.Y.Nəcəfzadə həmin fotonu təsadüfən çəkdirib, dostu da həmin şərhi təsadüfən yazıb.Y.Nəcəfzadənin profilindəki şəkillərinin bir çoxunda onun 2 barmağını yuxarı qaldırdığı diqqət çəkir. Satanizmdə bu işarə şeytanın qələbə çalması kimi qəbul edilir.

Odlar ölkəsində yanğınlar seriyası

Hazırda Binəqədidəki məşum olayın məhkəmə araşdırması keçirilir.İş üzrə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudovun vəkili İlhamə Həsənova məhkəmədə bildirib ki, həmin bina yandırılıb və bu yandırılmadan əvvəl və sonra da silsilə yanğınlar törədilib.Vəkilin sözlərinə görə, digər yanğınların bir neçəsinin qarşısı alınıb, bir neçəsi isə vaxtında söndürülüb.Vəkil konkret olaraq bir ünvan da göstərib. Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, Veteranlar Şurasının yerləşdiyi hündürmərtəbəli bina.

Koveroçkindəki yanğını söndürən taksi sürücüsü istintaqa nə danışıb?

Həmin binada olarkən sakinlər bu haqda məlumatsız olduqlarını söyləmişdilər. Apardığımız araşdırma zamanı onu da öyrənmişik ki, yanğını ilk görənlər ərazidəki taksi sürücüləri olub. Məhz onların sayıqlığı nəticəsində Koveroçkin küçəsində planlaşdırılan, hərbçi ailələrinin yaşadığı binanın qəsdən yandırılmasına hesablanan yanğın baş tutmayıb. Koveroçkindəki binadan reportajdan sonra redaksiyamızla əlaqə saxlayan, adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a danışan yanğın şahidi deyib ki, yanğının qəsdən törədilməsini həmin olayın baş verdiyi əraziyə gələn FHN-in mütəxəssisləri də təsdiqləyiblər.

Yanğın neftə batırılmış kəndirlə Veteranlar Şurasının yerləşdiyi binaya bitişik binada törədilib.Binaya qapısındakı jalüzləri açmaqla daxil olan naməlim şəxslər orada neftə batırılmış kəndirlərlə yanğın törədiblər və qaçıblar. Amma binanın üzləndiyi “poliuretan” alışmayıb və bu səbəbdən geniş sahəni əhatə edən yanğın meydana gəlməyib. Vəkil bu fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində əmlakın qəsdən yandırılmasına cəhd maddəsi ilə cinayət işi başlandığını da açıqlamışdı. Bina ətrafında uşaq bağçası, Hərbi Prokurorluğun inzibati binasının yerləşməsini də nəzərə alsaq, yanğın üçün məhz həmin ərazinin seçilməsini təsadüf adlandlırmaq çətinləşir.

Məscidi dəli yandırıb?

Vəkilin “silsilə yanğınlara cəhd olub” açıqlamasının izi ilə apardığımız araşdırma düşündüyümüzdən də ilginc detalların üzə çıxmasına səbəb oldu. Hamının gözləri qarşısında baş verən yanğınları birləşdirən, bir zəncirin halqaları olmasını deməyə çox ciddi əsaslar var.

Binəqədidəki yanğından 7 ay əvvəl Bakıda məscid yandırılıb!

2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlitirlik şüşə atıblar. Meydana gələn yanğın haqda məscid gözətçisi xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.

Sonradan Milli Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə suçlayaraq psixi xəstə Namiq Nəsibovu və Bakı sakini Elnur Ələkbərovu həbs edib. 2016-cı ilin martında N.Nəsibovla E.Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmün elanı başa çatan kimi özünə xəsarət yetirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgüclə sol qolunu kəsib.Məhkəmədə fəryad edən onun anası Sevda Ələkbərova oğlunun heç bir cinayət törətmədiyi halda, ağır cəzaya məhkum edildiyini bildirib. O, xüsusən keçmiş MTN əməkdaşlarını ittiham edib. Deyib ki, oğluna orada elə işgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. N.Nəsibov isə məcburi müalicəyə göndərilib. MTN ləğv olunsa da, məscid yandırılması ilə bağlı bu günədək obyektiv araşdırma aparılmayıb.

Binəqədidəki binada yanğını ilk görən MTN əməkdaşı olub?!

İstintaq şahid ifadəsinə əsaslanıb belə qənaətə gəlib ki, yanğın 16 mərtəbəli binaya bitişik birmərtəbəli tikilinin damında meydana gəlib. Guya damda toplaşan zibilin üzərinə siqaret külü düşüb və 27 saniyəyə binanın üzlüyü alışıb. Apardığımız araşdırma zamanı öyrənmişik ki, yanğının məhz həmin hissədən başlanmasını söyləyən də MTN əməkdaşıdır.

MTN dövriyəyə girir və 2 yanğın törətmək istəyən şəxs yoxa çıxır

Binəqədidəki yanğından sonra Azərbyacanın bütün böyük şəhərlərində “drujinnik”lər keşik çəkməyə başladılar. “Drujinnik”lər gecələr binaların həyətlərini dolaşır, şübhəli şəxsləri saxlayır, ehtiyac yarandıqda polisə təhvil verirdilər. 2015-ci il mayın 23-də Gəncədə “drujinnik”lər hündürmərtəbəli binalardan birinin damında şübhəli şəxsləri görüblər. Gizli şəkildə dama çıxan “drujinnik”lər 2 nəfər şübhəlini mühasirəyə salıb tutublar. Hər iki şəxsin əlində tezalışan neft məhsulu ilə dolu kanistrlər olub. Gəncə sakinləri olmayan həmin şəxsləri polisə təhvil versələr də, az keçməyib ki, MTN-in yerli şöbəsi onları polisdən təhvil alıb. Həmin şəxslərin sonrakı taleyi haqda bu gün də məlumat yoxdur. MTN-in rəsmi məlumatları sırasında qurum ləğv edilən günədək Gəncədə 2 təxribatçının saxlanması xəbəri olmayıb. Bilinən odur ki, tutulanlardan biri Samuxdan, digəri isə Dağıstandan olub. Həmin şəxslər haradadır?

30-a yaxın lüks maşını da dəli yandırıb?!

Binqədidəki yanğından 15 gün sonra – iyunun 5-də Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobillərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə net məhsulu tökməklə yandırıblar. Sonradan avtomobilləri yandırmaqda şübhəli bilinən 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıb.

Az keçməyib ki, mətbuatda S.Mahmudovun da Qaraçuxurda məscidi yandırmaq suçu ilə həbs edilən Namiq Nəsibovtək psixi xəstə olması haqda xəbərlər peyda olub. Sabiq milli təhlükəzilik naziri Eldar Mahmudovla eyni familiyanı daşıyan Səfər Mahmudovun həbsindən sonra da Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Sakinlər təşviş içində gecələri maşınlarının yanında keçirməli olublar. Bu hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb.Yandırılan maşınlar əsasən “Toyota”, “BMV”, “Mercedes”, “Ford” markalı lüks maşınlar olub. S.Mahmudov dəlidirsə, niyə məhz bahalı maşınları yandırıb?

MTN-ə uzanan alov dilləri

Göründüyü kimi, Binəqədidəki məşum olayla bağlı ən vacib şahid ləğv olunmuş MTN əməkdaşıdır. Qaraçuxurdakı məscidin yandırılmasında MTN-in adı cinayəti günahsız şəxslərin boynuna qoymaqda keçir. Gəncədə əllərində yandırıcı maddə ilə dolu kanistirlərlə gecəyarısı damları gəzən şəxsləri MTN yoxa çıxarıb. Nə baş verir? Niyə Azərbaycanı təşviş içində saxlayan alovun dilləri məhz bu quruma uzanır?

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV