Sərnişin daşıma ilə məşğul olan şirkətlərin hansı qaydada vergiyə cəlb olunurlar? İnterpress.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin analtika və informasiya şöbəsindən verilən məlumata görə, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən, taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə görə avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hesablanmış sadələşdirilmiş vergini ödəməklə, hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Qrumdan əlavə bildirilir ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir.
Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq sadələşdirilmiş verginin məbləği həmin Məcəllənin 220.5-ci maddəsi ilə müəyyən edilmiş sadələşdirilmiş verginin məbləğinə (1 oturacaq yeri üçün (taksi istisna olmaqla) 1,8 manat, taksi ilə sərnişin daşınması zamanı 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manat) Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirən vergi ödəyiciləri üçün 2, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında-1,5 və digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında 1,0 əmsalı tətbiq edilməklə müəyyən edilir.
Sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyəti ona məxsus olan bir neçə avtonəqliyyat vasitəsilə həyata keçirdiyi halda, hər bir sürücü ilə sərnişindaşıma fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalı və ona ödənilən aylıq əmək haqlarından ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bu zaman sərnişindaşıma fəaliyyətini göstərən müəssisə hər bir nəqliyyat vasitəsi üçün “Fərqlənmə nişanı” almalıdır. Digər şəxsdən icarəyə götürülmüş avtonəqliyyat vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi həmin avtonəqliyyat vasitəsini fiziki şəxsdən icarəyə götürdüyü halda ona ödədiyi icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutur və dövlət büdcəsinə ödəyir. Avtonəqliyyat vasitəsini icarəyəverən hüquqi şəxs olduğu halda isə, ona ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmur və həmin məbləğlər icarəyəverən hüquqi şəxsin vergitutulan gəlirlərinə aid edilməklə 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb edilir.
Gülşanə Mustafayeva
İnterpress.az