İnterpress.az xəbər verir ki, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyinə və ASAN könüllülərinə təşəkkür edib. O, layihənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə edilməsinin yollarından biri də internet üzərindəndir. Təcrübə göstərir ki, digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi nailiyyət əldə etmək üçün daha effektivdir. Münaqişənin həllində informasiya mübarizəsi mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində “yumşaq güc” strategiyasından istifadə edərək Qarabağın dünəni, bu günü və sabahına aid konsepsiya əsasında yeni elektron informasiya resursu yaradılıb (www.garabagh.info) və fəaliyyət göstərir.
Yusif Ağayev layihə barədə ətraflı məlumat verib, kursların keçirilməsinin məqsədlərindən danışıb. O qeyd edib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla bərabər, dünya ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, bununla bağlı formalaşan vətəndaş mövqeyi haqqında danışılıb. Həmçinin qeyd edilib ki, ölkəmizdə müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanmasında, vətəndaş mövqeyinin formalaşmasında QHT-lərin rolu əhəmiyyətli dərəcədə artıb.
Sessiyalarda ekspert kimi çıxış edən tarix elmləri doktoru, professor Musa Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Ziyafət Həbibova, iqtisad üzrə fəlsəfə doktoru İnşallah Qafarov, hüquq üzrə fəlsəfə doktoru Rahib Əkbərov, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov, ekspertlər Eliyar Musayev, Xanım Paşayeva və digərləri layihənin önəmi və aktuallığı barədə danışıblar.
Onlar layihəni əhatə edən mövzuları təhlil edib, bu sahədə aparılan uğurlu dövlət strategiyasının nəticələri barədə fikirlərini bildiriblər. Ekspertlər son dövrdə baş verən siyasi hadisələrə diqqət çəkib, bu hadisələrin fonunda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərdən söhbət açıblar. Xüsusilə gənclərin bu sahədə rolunu və fəal iştirakçılığının mühüm rolundan bəhs edilib, informasiya müharibəsində onların mövqeyinin və fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
İnteraktiv davam edən II sessiyada müxtəlif ali təhsil müəssisələrində təhsil alan iştirakçıların münaqişə ilə bağlı fikirləri dinlənilib. Gənclərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatlandırılması, xüsusilə sosial şəbəkələr vasitəsilə xarici ölkə vətəndaşlarının diqqətinə bu münaqişə barədə məlumatların ədalətli çatdırılmasının əhəmiyyəti qeyd edilib.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
İnterpress.az