Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər. “Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.
Milli Məclis sədrinin müavini Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
Spiker Oqtay Əsədov isə bildirib: “Xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı”.
Bundan sonra qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edilib.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edilib. Burada dini ekstremizmə qarşı nəzərdə tutulmuş əməliyyat məlumatlarının yayılmasına yol verilməməsi məsələsi əksini tapır. Həmçinin dəyişikliyə görə, əməliyyat aparılan xüsusi zonada KİV əməkdaşlarının iştirakı əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.
İnterpress.az