Fərhad Əliyev Bakıya gəlib ifadə verməyəcəkbackend

Fərhad Əliyev Bakıya gəlib ifadə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “MTN işi” üzrə istintaqa çağırılacağı haqda ötən saylarımızda yazmışdıq. Redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, sabiq nazir qanunsuz hesab etdiyi həbsindən tutmuş rəhbəri olduğu nazirliyin faktiki sıradan çıxarılması, işçisi, istintaq zamanı müəmmalı şəkildə dünyasını dəyişən Əlihüseyn Şalıyevin ölümü ilə bağlı şahid qismində ifadə vermək üçün dəvət olunacaq.

Aldığımız son məlumata görə, sabiq nazirin Bakıya gəlişi mümkün deyil. İstintaq orqanı F.Əliyevi şahid qismində dindirmək istəsə, bunun üçün istintaqçılar sabiq nazirin yaşadığı Avropa ölkələrindən birinə ezam edilməlidirlər. Səbəb isə odur ki, 2013-cü ilin oktyabrında əfv edilən Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Almaniyadan sığınacaq alıblar. Bu görə də Əliyev qardaşları ən azı 5 il Azərbaycana qayıda bilməyəcəklər. Yəni F.Əliyev ölkəyə istəsə belə, 2019-cu ilə qədər qayıda bilməz. Qayıtsa, ona sığınacaq hüququ verən qərar qüvvədən düşə bilər. Onu da qeyd edək ki, Əliyev qardaşları sığınacağı Almaniyadan almalarına baxmayaraq, hazırda bu ölkədə yaşamırlar. Fərhad və Rafiq Əliyevlərin Almaniyada sığınacaq aldıqdan sonra İngiltərəyə köçüb orada məskunlaşdıqları bildirilir. Bəzi mənbələr isə onların hazırda İsveçrədə olduqlarını iddia edir.

“Yeni Müsavat” ötən ilin mayında bu haqda məlumat yaydıqdan sonra sabiq nazirin yaxın adamları mətbuata açıqlama verərək F.Əliyevin Almaniyada müalicə olunduğunu təsdiqləmişdilər.

Belə xəbərlər də vardı ki, Fərhad Əliyev Almaniyada deyil, İngiltərəyə köçərək orada ailəsi ilə birlikdə yaşayır. Qeyd edək ki, sabiq nazirin oğlu Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı da uzun illərdir ki, Londonda oğlunun yanında yaşayır. Bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür.

Bu məlumatlardan çıxış edərək belə ehtimal irəli sürmək mümkündür ki, Fərhad Əliyevin dindirilməsi üçün istintaqçılar Londona getməli, orada sabiq nazirin ifadəsini alıb protokollaşdırmalıdırlar.

F.Əliyev 2005-ci ildə həbs olunandan sonra ona yaxın olan və rəhbərlik etdiyi nazirliyin əsas departamentlərindən birinin rəhbəri Əlihüseyn Şalıyev də həbs olunub. F.Əliyevə qarşı əsasən psixoloji işgəncələrdən istifadə olunsa da, Əlihüseyn Şalıyev də daxil olmaqla, onun işçiləri olmazın işgəncələrə məruz qalmışdılar. 10 ay MTN təcridxanasında qeyri-insani rəftarla üz-üzə qalan Əlihüseyn Şalıyevin qasıq nahiyəsində yırtıq əmələ gəlmişdi. Ondan döyə-dəyə çalışdığı İqtisadi İnkişaf Nazirliyində böyük yeyintilər haqda ifadə tələb ediblər. Yalan ifadələrin altına imza atmasını, Fərhad Əliyevin üzünə dayanmasını istəyiblər.

Ə.Şalıyev F.Əliyevə qarşı saxta ittihamları təsdiqləyən ifadə verməyib və cərrahiyyə əməliyyatı üçün köçürüldüyü müalicə müəssisəsində meyiti aşkarlanıb.

Ötən ilin oktyabrında MTN-də başladılan xüsusi əməliyyatdan sonra Eldar Mahmudovun qurumu şəxsi zindanına çevirməsi, hətta tabeliyində olan zabitlərə qarşı amansız rəftar etməsi üzə çıxdı. 2 MTN zabitinin Ə.Şalıyevlə təxminən eyni ssenari üzrə dünyadan köçdükləri haqda məlumatlar yayıldı. Hazırda mətbuatda “MTN işi” adı verilən cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsidnə araşdırma aparılır. Bir çox cinayətlər kimi Ə.Şalıyevə qarşı törədilən cinayətin də araşdırılması zərurəti var. Zamanında və hazırda mətbuatda kifayət qədər müzakirə olunmuş bu ölüm işinin araşdırılması o dövrdə Fərhad Əliyevin həbsinin, onun nazirliyindəki yoxlamaların nə dərəcədə qanunauyğun olmasını da aydınlaşdıra bilər.

Eldar Mahmudovun Azərbaycan əleyhinə fəaliyyəti haqda deyilənlər də sözdən çox fakt şəklini ala bilər. Həm də günahsız bir insanın qanının yerdə qalması üçün də bu, vacib addımdır. Bu gün də aydın deyil ki, Əlihüseyn Şalıyev ciddi nəzarətin olduğu türmə xəstəxanasında ülgücü haradan tapıb, kimdən alıb? Türmə xəstəxanasında özünü öldürüb, yoxsa ona “kömək” ediblər sualı da açıqdır.

Əslində MTN-dəki məlum əməliyyatlardan sonra başlanan cinayət işi çərçivəsində araşdırılmalı olan cinayətlərdən biri də Ə.Şalıyevin ölüm işi idi… ( musavat.com )

İnterpress.az