ETSN- dən İnterpress.az-a bildirilib ki, cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir. Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur.
Məlumatda deyilir ki, Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metr olan sürüşmə baş verib.
Sürüşmə artıq evələrin ərazisini əhatə edib, bir ev təhlükəli vəziyyətlə üzləşib.
Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi də baş verib. Sürüşmə hər iki ev üçün təhlükəlidir.
Eyni zamanda, Lerik rayonu Bürsülüm kəndinin cənub hissəsində uzunluğu 500-600 metr, eni 1 metrə, qırılma qaşı 0,5-dən 1,2 metr olan çat müşahidə olunur.
Bundan 30-40 metr aralıda uzunluğu 150-200 metr, eni 40-50 metr, qırılma qaşı 0,8-1,6 metr olan yeni olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə aktiv fazadadır və hazırda davam edir.
Qeyd edək ki, Piran-Veri-Əliabad yolunun 12-14-18-ci km-də çox saylı çökmə və uçqunlar baş verib.
Gülşanə Mustafayeva
İnterpress.az