Samir Adıgözəlli: \”Donald Trampın xarici lobbilərin ABŞ siyasətinə təsiri ilə bağlı verəcəyi qərar ermənilərin heç də xoşuna gəlməyəcək\”
Demokratların namizədi Hillari Klintonun üzərində sürpriz qələbə qazanan respublikaçı Donald Trampın bu uğuru Ermənistanı da yasa bürüyüb. Xanım Klintondan böyük gözləntiləri olan, seçkilər boyu ona \”stavka\” edən erməni lobbisi indi çətin situasiya ilə üz-üzə qalıb.
Düzdür, Ermənistan prezidenti Serj Sarkisyan başqalarından geri qalmamaq üçün tələsik Trampa yazdığı təbrik məktubunda hətta utanmazcasına ABŞ liderinin Qarabağ münaqişəsinin tənzimlənməsində rol oynayacağına inandığını da qeyd edib. Amma özlərinə xanım Klintonu daha yaxın hesab edən erməni funksionerlər və ekspertlər Trampın işğalçı Ermənistana münasibətinin necə olacağı ətrafında baş sındırmağa başlayıb.
ABŞ-da güclü olan erməni diasporunun seçki kampaniyasında Tramp əleyhinə fəaliyyət göstərdiyinə dair kifayət qədər faktlar mövcuddur.
Bu faktor gələcəkdə erməni lobbisi ilə ABŞ-ın münasibətləri üçün nə vəd edir?
Beynəlxalq Diaspor Mərkəzinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-ın yeni administrasiyasından erməniləri məyus edəcək qərarlar gözləmək olar: \”Həmin qərarlar ABŞ prezidentlərinin seçilməsinə təsir edən xarici lobbilərlə bağlıdır. ABŞ prezidenti lobbilərin seçkilərə pul yatırmasını qadağan edəcək.
Məlumdur ki, erməni lobbisi ABŞ-da böyük nüfuza malikdir. Ona görə də erməni lobbisi prezidentlərin seçilməsinə təsir edə bilir. ABŞ-da yaşayan erməni iş adamları prezident seçkilərində öz namizədlərinin qalib gəlməsi üçün külli miqdara pul xərcləyir. Bu faktlar müxtəlif vaxtlarda sənədlərlə də təsdiqini tapıb. Lobbi hətta \”erməni soyqırımı\”nı tanıması ilə bağlı ABŞ prezidentlərinin qarşısına şərt qoymağa da cəhd edir. Amma prezidentlər dəstək qazanmaq üçün \”soyqırım\”ın tanınması ilə bağlı söz versələr də, prezidentlik müddəti ərzində verdikləri sözə əməl etmir. Təbii ki, Tramp erməni lobbisinin onun əleyhinə apardığı təbliğatdan xəbərdardır.
Bu baxımdan da Donald Trampın xarici lobbilərin ABŞ siyasətinə təsiri ilə bağlı verəcəyi qərar ermənilərin heç də xoşuna gəlməyəcək. Tramp bundan əvvəl də erməniləri narazı salacaq açıqlamalar vermişdi. O, çıxışlarının birində \”Vaşinqton Erməni Milli Konqresinin maraqlarına xidmət etmir\” ifadəsini işlətmişdi. Trampın lobbilərlə bağlı verəcəyi qərar Azərbaycanın milli maraqları baxımından çox önəmlidir.
ABŞ prezidentinin 100 gün ərzində qəbul edəcəyi qararlar arasında bir neçə diqqətçəkən məqam var. Onun 100 günlük siyasətinin əsas xəttini Barak Obamanın dövründə qəbul edilən qanun layihələrinin ləğvi təşkil edəcək. Tramp Birləşmiş Millətlər Təşkilatına üzvlük haqqı ödəməyəcəyini bəyan edib. Həmin pulla digər sosial və iqtisadi layihələr həyata keçirmək niyyətindədir.
Prezident Trans-Sakit okean dövlətləri ilə əldə olunan razılaşmaları və Çinlə bəzi müqavilələri ləğv edəcək. O, həmçinin, Çin məhsullarına yüksək vergi tətbiq edəcək. Bu baxımdan da erməni lobbisini yaxşı \”sürprizlər\” gözləyir\”.
İnterpress.az