Azərbaycanda Qurban bayramıdırbackend

Azərbaycanda Qurban bayramıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə avqustun 22-nə təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınır. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar isə dünəndən Minada qurban kəsiblər.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.

Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.

Dini qurban kəsmə mərasimi İslamdan əvvəl də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Müqəddəs Qurani-Kərimdə yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Odur ki, Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

İnterpress.az