Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb. Ötən günlərdə ana və oğulunun universitetə qəbul olma xəbəri ardından bu gün də ata və qızının qəbul xəbəri yayılıb.
İnterpress.az xəbər verir ki, Ağcəbədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və Nərgiz Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar.
Belə ki, onlar Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.
Qeyd edək ki, bu il DİM-in ali təhsil müəssisələrinə qəbul üçün keçirdiyi imtahanda ana və oğlu da eyni vaxtda tələbə adını qazanıb.
Belə ki, Bakıda yerləşən 328 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Kifayət Cabbarova və həmin məktəbdən bu il məzun olan oğlu Hüseyn Cabbarlı da ali məktəbə qəbul olub. Onlar universitetə heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul olublar.
İnterpress.az