İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə gerçəkləşib.
Konfransı giriş sözü ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov açaraq bu günün tarixi əhəmiyyətindən danışıb. Bakının işğaldan azad olunmasının xronoloji ardıcıllığına diqqət çəkən natiq deyib ki, bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Vurğulanıb ki, möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub.
F. Qurbanov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Konfrans çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti”, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun əməkdaşı Elnur Kərimovun “Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzularında məruzələri və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun sözügedən mövzu üzrə çıxışı dinlənilib.
Sonra rejissor Elşən Qəninin ekranlaşdırdığı Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin təqdimatı olub.
İnterpress.az