Dünyada müsəlmanlara qarşı informasiya-psixoloji terror tendensiyası müşahidə edilirbackend

Dünyada müsəlmanlara qarşı informasiya-psixoloji terror tendensiyası müşahidə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Fransa paytaxtında bir neçə gün öncə Məhəmməd peyğəmbərin (ə) karikaturasını dərc edən jurnalın əməkdaşlarına qarşı törədilən terror aksiyasına və ondan sonra baş verən proseslərə yanaşmalar barədə nə düşünürsüz?

– Fransada “Charlie Hebdo” jurnalının əməkdaşlarının və polislərin öldürülməsi terror hadisəsi kimi özlüyündə bütün bəşəriyyəti narahat edən məsələdir. Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, mülki vətəndaşlara, öz həyatını yaşayan, öz vəzifəsini, peşəsini yerinə yetirən insanlara qarşı törədilən bu cür qəsdləri heç kim qəbul edə bilməz və bütün dünya buna qarşı olmalıdır. Lakin miqyası daha böyük, sayca və ərazicə daha çox ölkələri əhatə edən, başqa regionlarda da baş verən analoji hallarda bu kimi münasibətin sərgilənməməsi isə daha çox və ciddi narahatlıq doğurur və doğurmalıdır. Əgər biz terrora qarşıyıqsa, heç bir fərq qoymadan onun bütün növlərinə və formalarına qarşı olmalıyıq. Əgər biz dünyanı narahat edən faktları, o cümlədən etnik qrupları, dövlətləri bir-birinə qarşı qoyan məsələləri qəbul etmiriksə, bunu dünyanın hər yerində qəbul etməməliyik.

Məsələlərə bu şəkildə selektiv, ayrı-seçkiliklə yanaşmanın özü bir çox hallarda terrorun daha da intişar tapmasına, genişlənməsinə dəstək verir, ciddi kömək edir. Oxşar məsələlər müxtəlif, selektiv yanaşmalar istənilən halda daha ciddi fəsadlar doğurur. Biz uzun illərdir öz həyatında, məişətində, bizə qarşı beynəlxalq aləmdəki münasibətdə bunu görən insanlarıq, dövlətik və bunun fərqini daha gözəl anlayırıq. Bunun özü İslam dünyasına, müsəlmanlara ciddi mesajdır. Onlar da İslam ölkələrinə, İslam dininin daşıyıcılarına qarşı dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, baş verən halların əleyhinə öz səsini birgə ucaltmağı öyrənməlidirlər. Onların bir-birinə qarşı qoyulmasına, İslam dünyasının içinə təfriqə salınmasına bu və ya digər cərəyanların qarşıdurmasına imkan verməməli, buna rəvac verən hərəkətlərin aradan qaldırılmasına qarşı səslərini birgə ucaltmalı, İslamı qaralamağa imkan verən hadisələrdə iştirak edən və etmək niyyətində olan dindaşlarını bu yoldan çəkindirməyə çalışmalıdırlar.

– Sizcə Parisdəki terrorun arxasında hansısa gizli məqsədlər dururmu?

– Tarixdə zaman-zaman İslam və xristian dünyasını qarşı-qarşıya qoymaq məqsədilə belə hadisələr və bundan da öz maraqlarını güdən dairələr həmişə olub. İnsanlıq və bəşəriyyət də bunun çox ağır fəsadlarını yaşayıb. Mən çox təəssüf edirəm ki, biz uzun illər bundan əvvəl arxada qalmış bu hadisələrin müasir dövrümüzdə təkrarlanmasına meyillərin daha çox yarandığını görürük və bu bizi – dinindən, irqindən, etnik mənsubiyyətindən, siyasi əqidəsindən, hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün insanları narahat etməlidir. Xüsusilə də hesab edirəm ki, bu məsələdə siyasətçilərin, ictimai xadimlərin, dövlət rəsmilərinin üzərinə çox ciddi vəzifə düşür.

Bu gün İraqda, Suriyada, Liviyada, Misirdə və digər başqa ərəb və Afrika ölkələrində minlərlə, on minlərlə, artıq milyonlarla ölçülən terror qurbanları var. Qərb-xristian dünyası İslam dünyası ilə birlikdə buna qarşı öz səsini qaldırmaq əvəzinə, müsəlmanların qırılmasına rəvac verən hərəkətlərdə, layihələrdə daha çox iştiraka üstünlük verib, bir ölkədə onlara xoş gəlməyən, sərf etməyən rejimi devirmək üçün həmin ölkədə terror qruplarının yaranmasına, onların maliyyələşməsinə, silahla təchiz olunmasına yardım göstərib, hətta yardım göstərmədikləri halda bu kimi hadisələrə göz yumub, susub. Bu gün Fransada baş verən terror aktından danışırıqsa, qeyd etməliyik ki, həmin hadisə yeridilən məhz bu siyasətlərin nəticəsidir və pis nümunəsidir.

Ona görə də biz həm terrora, həm ona selektiv yanaşmaya, həm də beynəlxalq hüququn prinsiplərinin pozulmasına göz yumulmasına və onun pozulmasına edilən cəhdlərə etirazımızı bildirir, dövlətlərin ərazi bütövlüyünə, millətlərin sülh içində yanaşı yaşamasına qarşı bütün cəhdlərin əleyhinə səsimizi qaldırır və Qərb-xristian aləmini də bizimlə bir mövqedə olmağa çağırırıq.

– Parisdə jurnalın redaksiyasına qarşı törədilən terrorun hələ görünməyən və açılmayan tərəfləri varmı?

– Artıq uzun müddətdir ki, dünyada müsəlmanlara qarşı informasiya-psixoloji terror tendensiyası müşahidə edilir. Paris hadisələrindən sonra isə bu tendensiya daha da sürətlənib. Əgər Parisdəki terror aktı Fransa vətəndaşları tərəfindən törədilibsə, həmin insanlar əvvəlcə Suriya və digər münaqişə bölgələrində iştirak ediblərsə, bunlar təsdiqini tapıbsa və buna görə onlar cəzalarını almayıblarsa, deməli, ortada onların bu kimi fəaliyyətlərinə rəvac verən bir siyasət, yanaşma olub. Ona görə də hesab edirəm ki, burada aydınlaşmalı, üzərinə işıq salınmalı məsələlər və məqamlar çoxdur. Xüsusilə də demokratik adlanan, söz, din, əqidə və vicdan azadlıqlarının mövcud olduğu cəmiyyətdə baş verən hadisədə onu törədən Fransa vətəndaşlarını suçlamaq əvəzinə, İslam dünyasını suçlamaq nə deməkdir?! Bu, doğrudan da xristian-İslam qarşıdurmasının yaranmasına yönəlmiş cəhdlər deyilmi? Hətta emosiyaları, etirazları ifadə edərkən də məsələyə sağlam məntiqlə yanaşmaq lazımdır. Siyasətçilər bunun problemlərin aradan qaldırılmasına yox, onun daha da qızışdırılmasına yönəlmiş olduğunu dərk etməlidirlər. Fikrimcə, burada da aydınlıq gətirilməli ciddi məqamlar var.

İnterpress.az