ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerin paytaxtı Niameydən bəzi hərbi personal və texnikanı “hər halda” başqa bir şəhərə köçürdüklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Nigerdəki ABŞ əsgərlərinin yenidən yerləşdiriləcəyi xəbəri ilə bağlı suala cavab verən Sinq Niameydəki 101 saylı hava bazasındakı bəzi hərbi personalın və texnikanın Aqadezdəki 201 saylı hava bazasına aparıldığını bildirib.
Sözügedən addımın “hər halda” atıldığını ifadə edən Sinq deyib:
“Mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, mövqeyimiz eynidir. Ümid edirik ki, meydandakı vəziyyət diplomatik yollarla həll olunacaq”.
Hazırda Nigerdə 1100 ABŞ hərbçisinin olduğunu bildirən Sinq, hazırda oradakı ABŞ əsgərləri üçün heç bir təhlükənin olmadığını əlavə edib.
Qeyd edək ki, Nigerdə prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Prezident Mühafizəsi Alayının komandiri general Abdurrahmane Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (CNSP) adlanan keçid hökumətinin başçısı oldu. CNSP avqustun 7-də Lamine Zeineni baş nazir təyin etdi və avqustun 10-da əsgər və mülki şəxslərdən ibarət 21 nəfərlik kabineti elan etdi.