Rusiya hər gün 1200 əsgər itirir.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Kirbi deyib ki, Ukraynada hər gün 1200-dən çox rus əsgəri ölür və ya yaralanır.
O, itkiləri “həqiqətən tarixi rəqəm” kimi qiymətləndirib.
“Şübhə yoxdur ki, Rusiya qüvvələri döyüş meydanında son dərəcə yüksək itkilər verməkdə davam edir”, – Kirbi qeyd edib.
O, həmçinin vurğulayıb ki, Moskvanın siyasəti təkcə hərbçilər arasında itkilərə deyil, həm də Rusiyanın beynəlxalq arenada mövqeyinin pisləşməsinə gətirib çıxarır.
Lakin onun sözlərini oktyabrın 22-də Kazanda 36 dövlətin, o cümlədən Çin, Hindistan, Braziliya və s. nümayəndələrinin bir araya toplaşdığı BRİCS sammitinin başlaması təkzib edir.
Ağ Evin sərt qiymətləndirməsi Cənubi Koreya kəşfiyyatının Şimali Koreyanın Moskvanı dəstəkləmək üçün 1500 hərbçi göndərdiyi və ümumilikdə 10 minə qədər hərbçi göndərməyi planlaşdırdığı barədə məlumat yaydığı bir vaxta təsadüf edir.
Xuraman Etibarlı
İnterpress.az