Göz qoruyucusu olmadan günəş altında uzun müddət qalma korluğa səbəb ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalı məlumat yayıb.
Alimlər və oftalmoloqlar tərəfindən aparılan yeni elmi araşdırma yay aylarında gözlərin təhlükəsizliyinin qorunmasının vacibliyini bir daha ortaya qoyub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş altında gözləri qorumadan uzun müddət qalmaq gözün torlu qişasını zədələyərək tam və ya qismən korluğa səbəb ola bilər.
Xüsusilə günorta saat 11:00-dan 16:00-dək olan dövr ən təhlükəli vaxt hesab olunur, çünki bu saatlarda günəş radiasiyası və ultrabənövşəyi (UV) şüalanma pik həddə çatır.
Ekspertlər göz sağlamlığını qorumaq üçün hətta buludlu və kölgəli hava şəraitində belə mütləq keyfiyyətli UV qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər.
Buludlar ultrabənövşəyi şüaların qarşısını tam kəsə bilmədiyi üçün gözlər zərərli radiasiyaya məruz qalmaqda davam edir.
Həmçinin, uşaqların gözləri günəş şüalarına qarşı böyüklərdən daha həssas olduğundan, valideynlərə azyaşlıların günorta saatlarında birbaşa günəş altında qalmasına imkan verməmək, onlara mütləq papaq və qoruyucu eynəklər taxmaq tapşırılır.
Xuraman Etibarlı
İnterpress.az






