Almaniya Türkiyəyə deportasiyaları İKİQAT ARTIRDI – Rekord göstəricilərbackend

Almaniya Türkiyəyə deportasiyaları İKİQAT ARTIRDI – Rekord göstəricilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Türkiyəyə deportasiya sayını iki dəfə artırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin hesabatında bildirilir.

Almaniya miqrasiya siyasətini sərtləşdirərək ölkədən çıxarılan şəxslərin sayını kəskin artırıb. Bu prosesdə ən çox artım Türkiyəyə edilən deportasiyalarda qeydə alınıb.

Almaniya hökumətinin məlumatına görə, 2025-ci ildə Türkiyəyə 2297 nəfər deportasiya edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfədən çoxdur.

2024-cü ildə bu rəqəm 1087, 2023-cü ildə isə cəmi 875 nəfər olub.

Türkiyə Almaniyada sığınacaq axtaranların əsas mənşə ölkələrindən biri hesab olunur.

2025-ci ildə bu ölkədən 11 919 nəfər Almaniyaya sığınacaq üçün müraciət edib və bu göstərici ilə Türkiyə yalnız Əfqanıstan və Suriyadan geri qalaraq üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə ötən il ərzində Almaniya hakimiyyəti 22 878 nəfəri ölkədən deportasiya edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Türkiyədən sonra siyahıda 1690 nəfərlə Gürcüstan gəlir. Həmçinin, Dublin reqlamentinə uyğun olaraq, bir çox sığınacaq axtaran şəxs ilk qeydiyyata alındıqları Aİ ölkələrinə, xüsusən İspaniya və Fransaya geri göndərilib.

Deportasiyaların artmasına baxmayaraq, Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin müraciətlərin sayı 51% azalıb. Ötən il cəmi 113 236 nəfər Almaniyada sığınacaq üçün ilk dəfə müraciət edib.

Xuraman Etibarlı

İnterpress.az