Almaniya XİN rəhbəri Əddis-Əbəbə səfəri ilə bağlı paylaşımında Nayrobidən şəkil paylaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Afrika ölkələrinə səfəri zamanı coğrafi səhvə yol verərək gündəmə gəlib.
Nazir Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə səfəri barədə paylaşım edərkən, əslində Keniyanın paytaxtı Nayrobidən çəkilmiş fotonu yayımlayıb.
Vadeful hazırda Efiopiyada dövlət səfərindədir. O, “Instagram” hesabının “hekayə” (story) bölümündə səfərini sənədləşdirərkən belə bir qeyd yazıb:
“Efiopiyadan sabahınız xeyir. Bu gün səfərimin ikinci dayanacağı məni Afrikanın ən yüksək paytaxtı olan Əddis-Əbəbəyə gətirir. Dəniz səviyyəsindən 2200–2300 metr yüksəklik”.
Ardınca o, “120 ildir ki, diplomatik əlaqələrimizi davam etdiririk” sözləri ilə şəhər mənzərəsinin fotosunu paylaşıb. Lakin problem ondadır ki, fotodakı mənzərə Əddis-Əbəbəyə yox, Nayrobiyə aid olub.
Bunu fotoda əks olunan və Keniyanın paytaxtının ən hündür binası sayılan “Britam Tower”dən ayırd etmək mümkün olub.
Almaniya Xarici İşlər Nazirliyi belə bir qarışıqlığın necə baş verdiyi barədə sorğuya ətraflı cavab verməyib.
Bununla belə, səhv foto nazirin səhifəsindən silinərək düzgün şəhər mənzərəsi ilə əvəz edilib.

Xuraman Etibarlı
İnterpress.az






