AMEA rəsmisi: “Bir neçə institut xaricində heç bir əməli iş aparılmayıb”backend

AMEA rəsmisi: “Bir neçə institut xaricində heç bir əməli iş aparılmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib”.

Bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.

“Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər. Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır.

Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır”, – deyə akademik Adil Qəribov bildirib.

Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən akademik qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini deyib.

“Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli iş aparılmayıb. AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib”.

Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycanın ümdə ehtiyacları ilə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.

İnterpress.az