AND YERİMİZ- Sabir Rüstəmxanlı yazırbackend

AND YERİMİZ- Sabir Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanlı 20 yanvar faciəsi ilə əlaqədar Milli Azadlıq Hərəkatının liderlərindən olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 1990-cı ilin fevralında qələmə aldığl “And yerimiz” yazısını ixtisarla təqdim edirik.

Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 Yanvar fəlakətindən sonra dilimdən qopan ilk söz budur! İlk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!

Zamanın ağır sınaq günündə, ta­yı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətin­dən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb! Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni ya­ralar alan xalq! Bir söz deyə biliriksə, ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..

Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu həqiqət idi: Xalqımın qanı tökülmüş­dür! Göz yaşı yağışı altında, gül-çiçək ümmanında ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyə­tinə xətt çəkən al-qırmızı bəzəyini, uşaq­dan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: Uduz­duğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!..

Bu milləti millət eləyən, min illərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vur­du. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm ki, ca­van ömrünü xalqına, yurdunun azadlığı­na bağışlayanlar bir ata-ananın övladları deyil. Onları millətin taleyi doğub.

Bakının o ağır, qanlı günlərini görən­dən sonra özümüzü sanki yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Şeyx Məhəmməd Xiya­banilərin, Məmməd Əmin Rəsulzadələ­rin, Üzeyir bəylərin, Cavidlərin hamısının mənəvi gücdən yarandığı indi mənə ay­dın oldu.

Bugünkü “zəifliyini” özünə sığışdır­mayan və əlacsızlığını dünyadan giz­lətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bəzəyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.

Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanının, Dağüstü parkın bütün səki və xiyabanları yanva­rın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil “açmışdı”. Sanki Azərbaycan torpağının özü kök­sündən yaralanmışdır və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…

Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duy­ğusunu unutmayan, Şəhidlər Xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsu­lu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladla­rının fədakarlığı qarşısında baş əyirəm.

Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: “Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevin­mirəm. Oğul böyüdürük torpaq üçün! Öv­ladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir”. Anaları bu cür düşünən xalq da xoşbəxtdir!

…Dəfn günü Şəhidlər Xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Kimsə əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonar xiyabandakıların qara geyimi görünməz oldu, sanki bir dirijor çubuğu­nun işarəsiylə üstlərinə qırmızı gül “örpə­yi” çəkmişdilər! Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudur – xalq dediyimiz!..

Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca yerində torpağa tapşı­rıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-ci ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşuq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir “qulaqburması” verdi ki, indi­ki qurbanlarımızın hesabına bütün şəhid­lərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..

…Ola bilsin ki, bu fəlakətin qarşısını almaq və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edil­mədən ordu şəhərə girəcək, dinc, silah­sız əhalinin üstünə düşmən ehtirası ilə tank sürüləcək, ölkənin bütün ordu növ­ləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırla­şan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və “barrikadalar” – silahlanmış düşmən cəh­bəsi kimi “qəhrəmanlıqla” ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman veril­məyəcək? Kimin ağlına gələrdi ki, ziyalı­larla, qadınlarla görüşlərində dönə-dönə “arxayın olun, ordu Bakıya girməyəcək!” – deyənlər bir gün sonra “öz vəzifələrini yerinə yetirib”, yəni, respublikanın rəh­bərliyini kənarlaşdırıb, Bakını ağlar qo­yacaqlar? Kimin ağlına gələrdi ki, ölkəni xarici düşmənlərdən qorumalı olan ordu öz vətəndaşlarına qarşı bu qədər aman­sız ola bilər?

…20 Yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndir­məyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəh­şiliyi, zorakılığı rədd edir və lənətləyirdik. Onu da bildirdik ki, Sumqayıt kimi, Ba­kıda da bu hadisə çoxdan planlaşdırı­lırdı. Yanvarın 13–14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə ci­nayətkar olub…

…SSRİ Ali Sovetinin sonuncu ses­siyası bir daha göstərdi ki, bizə qəzəbli münasibəti, əleyhimizə işləyən güclü təb­liğat maşınını qırmaq o qədər də asan deyil. Bizi qarşıda çox uzun bir müba­rizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə də, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin o arzula­ra yetmək üçün hələ çox durulmalı, ümu­mi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.

Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birilə düz gəlmir. Söhbət sər­həddən gedirsə, sərhədlərin götürülmə­si ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etima­dsızlıq, “istefa” tələbi narahatlıq doğu­rursa – bu tələbi Moskvadan başlamış ölkənin hər yerində eşidirik. Ermənistan­la münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvətcə silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə olunan tərəfdə yox. Kiminsə ağzından “islam respublikası” sözünün çıxması bəhanə olubsa, onda gərək “xristian monarxizmi” tərəfdarlarının ya­şadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı.

Bu bəhanələrin heç biri 20 yanvar ha­disələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. “Azər­baycanlılara dərs vermək” planının kök­ləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqeyi tutması – hamısı eyni zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbay­can xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür.

Nəhayət, bir-iki kəlmə də milli heysiy­yət, özünə və öz xalqına hörmət haqqın­da. Son vaxtlarda rəsmi görüşlərdə, te­leviziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürülən­dən sonra şəhərin sakitliyinə təminat ver­mək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziya­lılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqı­na inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlər ki, Bakı­da heç bir iğtişaşı xalq salmayıb? Sakitlik istəyiriksə, fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm bi­nalardadır və dünyanın müxtəlif yerlərin­dən, mərkəzdən üfürülüb közərdilir.

* * *

Şəhidlər Xiyabanında bir həqiqət də gördüm. Qurban gedənlərin çoxu zəh­mətkeş, əli qabarlı, sadə adamlardır.

And yerimiz – onlardır!

And yerimiz – xalqdır!

Fevral, 1990