Sovet qəhrəmanını təhqir edən erməni bloqer mübahisəli videolarda özünü tanımır və çəkiliş zamanı depressiyada olduğunu iddia edir.
İnterpress.az xəbər verir ki, Rusiyada qalmaqallı bloqer Arsen Markaryanla bağlı cinayət işinin yeni təfərrüatları üzə çıxıb.
Məlumata görə, cinayət işi bloqerin Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında işlətdiyi təhqiramiz ifadələrə görə açılıb.
Markaryan 1943-cü ildə özünü pulemyotun önünə ataraq yoldaşlarını xilas edən qəhrəmanı söyərək, onun “mənasız yerə öldüyünü” iddia edib.
Daha doğrusu, onu “kim bilir nə səbəbdən öldüyü” üçün “axmaq” adlandırıb.
İstintaq zamanı Markaryan əvvəlcə videodakı şəxsin o olmadığını, görüntülərin düşmənləri tərəfindən montaj edildiyini və qəhrəmana hörmət bəslədiyini deyib.
Lakin sonradan bloqer ifadəsini dəyişərək videodakı şəxsin özü olduğunu etiraf edib. O, bəhanə gətirib ki, 2017-ci ildən bəri depressiyada olub, həmin vaxt dərman qəbul edib və aqressiyasını idarə edə bilməyib. Markaryan videonu silmək istədiyini, lakin bacarmadığını qeyd edib.
İstintaq Komitəsinin məlumatına görə, Markaryan tibbi müayinə üçün Moskvaya qayıdıb. Lakin ekspertiza onun heç bir xroniki psixi pozuntu və ya xəstəlikdən əziyyət çəkmədiyini sübut edib. Həmçinin videonun montaj olunmadığı təsdiqlənib.
Xuraman Etibarlı
İnterpress.az






