Azərbaycan-Ermənistan liderlərinin görüşündən GÖZLƏNTİLƏR: “Putin Paşinyanın ortaya qoyacağı mövqedən narahatdır”backend

Azərbaycan-Ermənistan liderlərinin görüşündən GÖZLƏNTİLƏR: “Putin Paşinyanın ortaya qoyacağı mövqedən narahatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək”.

Bu sözləri  dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulan görüşünü dəyərləndirən siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə,  noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və  Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edirdi:

“İndiki halda görüşlə bağlı iki maraqlı məqam var. Birincisi, görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsidir. İkincisi isə görüşün Rusiya Prezidenti Vladimir Putin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsidir.  Prinsip etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir. Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmasını, bu yolla  bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək. Görünür, Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Görünür Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında Paşinyanın mövqeyini müəyyənləşdirməyə çalışıb. Ehtimal ki, Kreml rəhbəri buna nail də olub.  Azərbaycana gəldikdə isə rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin və ya vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni, 10 noyabr bəyanatının qeyd-şərtsiz icra edilməsidir”.

Gülşən