Azərbaycan uzun illər idman ölkəsi kimi tanınıb. Buna səbəb isə ölkədə idman sahəsinə dövlət səviyyəsində böyük diqqət və maliyyənin ayrılması olub. Nəticədə idmançılarımız dünya və digər beynəlxalq çempionatlarda böyük uğurlar qazanıblar.
Tokiyoda keçirilən son Olimpiya Oyunlarında idmançılarıımızın gözləndiyinin əksinə olaraq böyük nəticələr əldə edə bilməməsi idman sahəsində çatışmazlıqların olduğunu göstərirdi. Təbii ki, burada son iki ildə pandemiyanın mövcud olması, idman zallarının bağlı qalması, məşqlərin keçirilməməsi və idman yarışlarının dayandırılması da müəyyən qədər rol oynamışdı.
Ümumi halda götürüldükdə isə bu problem olimpiadada iştirak edən dövlətlərin hər birində mövcud idi. Deməli, daxili boşluqlar da olmamış deyil. Xüsusilə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun uzun müddət səhhətindəki problemlər üzündən idman sahəsinə rəhbərlikdə bir boşluq yarandı. Sonradan onun vəfat etməsi ilə faktiki olaraq qısamüddətli rəhbərsizlik dövrü başladı.
Son dövrlər cəmiyyətimizin ən böyük bəlasına çevrilmiş narkomaniya da bir daha göstərdi ki, gənclərin sağlam həyat tərzinin qorunması üçün idman sahəsinə diqqət daim yüksək səviyyədə olmalı və bir an olsun belə bu sahədə boşluğun yaranmasına yol verilməməlidir.
Sadəcə hüquq-mühafizə dili, cəzalandırma yolu ilə gənclərin narkomaniyadan uzaqlaşdırılması o qədər də effektiv yol deyil. Ən effektlisi odur ki, insanlar bu bəlaya bulaşmadan əvvəl onların yolu kəsilsin. Asılılıq yaradan bir alışqanlıqdan sonradan xilas olmaq həm maddi baxından bahalıdır, həm də bu problem psixoloji olaraq uzun müddət əzab və əziyyətlə müşayiət olunur.
Təcrübə isə göstərir ki, bunun ən doğru üsulu gənclərin sağlam həyat tərzi keçirməsi üçün onları idman sahəsinə yönəldilməsidir. Nəticə olaraq da bu çox yüksək effekt verir.
Ölkə onların içərisindən istedadlı idmançıları seçərək yetişdirir və sonrakı mərhələlərdə həmin idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edirlər. Belə halda da hansısa xarici idmançını böyük maliyyə qarşılığında milliləşdirməyə ehtiyac qalmır.
Nəhayət, bir müddətlik boşluqdan sonra Prezidentin sərəncamı ilə Fərid Qayıbov Gənclər və idman naziri təyin olundu. Təyinatdan sonra Prezident İlham Əliyev yeni naziri qəbul edərkən idman sahəsində mövcud olan bəzi problemləri də dilə gətirdi və tənqidlər səsləndirdi.
“İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir.
Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır.
Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?
Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır”.
Prezidentin səsləndirdiyi arqumenttlər kifayət qədər əsaslıdır və idman ictimaiyyətini də elə bu məsələlər düşündürür. Bu qədər vəsait ayrılırsa, o zaman nə üçün idmançılarımız yetişmir?
Həmin görüşdə yeni nazir Fərid Qayıbov da söz verdi ki, idman üçün əlindən gələni edəcək: “”Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm. Cənab Prezident, inanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, Sizi və Azərbaycan xalqını sevindirəcəklər”.
F. Qayıbov dediyi kimi də edir. Fəlayyətə başladığı qısa müddət ərzində demək olar ki, hər gün bir neçə federasiyada olur, araşdırmalar aparır, problemlərdən çıxış yolları axtarır. Bu arada qeyd edək ki, idman ictimayiyyəti də yeni nazir haqda müsbət fikirdədir. Onlar F. Qayıbovun idman sahəsində böyük uğurlara imza atacağını güman edirlər.
Mövzunun davamını “Yeni Sabah” tanınmış jurnalist və idman eksperti Natiq Muxtarlı ilə müzakirə edib. Uzun illər idman sahəsində çalışan N. Muxtarlı deyir ki, dünyanın istənilən ölkəsində sübuta ehtiyacı olmayan bir teorem var. Hər bir cəmiyyətin fiziki və mənəvi inkişafı birbaşa olaraq idmana bağlıdır:
“Təbii ki, bu inkişafın da təməli uşaq və yeniyetmələrlə başlayır. Dünya ölkələri böyük idman turnirlərinə ev sahibliyi edərkən iqtisadi amilləri düşünməklə yanaşı, həm də cəmiyyətin idmana marağının artırılmasını planlaşdırırlar. Hətta elə turnirlər olur ki, oradan qazanc götürülməyəcəyi əvvəlcədən bəlli olur.
Amma cəmiyyətin mənafeyini nəzərə alanda, o turnirə yatırım etmək gələcək üçün investisiya sayılır. Birincisi, böyük turnir bəhanə edilərək infrastruktur qurulur. İkincisi də, uşaq və yeniyetmələrin idmana cəlbi üçün bundan böyük stimul düşünmək olmaz”.
Ekspert qeyd edir ki, sağlam cəmiyyət qurmaq üçün nəinki ölkənin böyük şəhərlərində, hətta kənd və qəsəbələrində də infrastruktur qurulmalıdır:
“Yaddan çıxartmaq olmaz, çempionlar kəndlərdə yetişir. Amma infrastruktur qurarkən, uşaqların kütləvi şəkildə idmana cəlbini düşünərkən onların hamısının çempion olacağını da planlaşdırmaq düzgün deyil. Yüz uşaqdan biri peşəkar idmanı seçəcək. Qalanları isə ya ali təhsil alacaq, ya da peşə təhsilinə üz tutacaq, amma cəmiyyət ümumilikdə uduş əldə edəcək. İdmanla məşğul olan uşaq və yeniyetmələrin əksəriyyəti, pis vərdişlərdən uzaq olacaq. Sağlam cəmiyyət qurmaq üçün bundan yaxşı vasitə?”
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan dövlətinin də prioritet vəzifəsi sağlam cəmiyyət quruculuğudur:
“Amma bu sahədə xeyli boşluqların olduğu da aydındır. Xüsusən də bölgələrdə infrastrukturun olmamağı uşaq və yeniyetmələrin idmana maraq göstərməsini əngəlləyir. Tokio Olimpiadasından sonra cənab Prezident də bu problem haqda danışdı. Bölgələrdə Olimpiya Kompleksləri tikilsə də, onlar təyinatı üzrə fəaliyyət göstərmirlər. Üstəlik, rayon mərkəzlərində infrastruktur olsa da, kənd və qəsəbələrdə ciddi problemlər var. Yeni idman nazirinin əsas vəzifəsi bu problemin həlli olmalıdır”.
N. Muxtarlı onu da vurğulayıb ki, idmanın kütləviliyinin artırılması əsas prioritet hədəfə çevrilməlidir:
“Bunun üçün isə qəsəbə və kəndlərdə idman infrastrukturu qurulmalıdır. Özü də bu, o qədər də vəsait tələb etmir. İndi az qala bütün kəndlərdə yeni məktəblər tikilib. Bu məktəblərin hamısının idman zalları və meydançaları var. Təhsil Nazirliyi ilə birgə layihə hazırlanmalı, məktəblərdəki infrastrukturdan yararlanmaq lazımdır. Məktəblərin idman infrastrukturu lazımı ləvazimatlar və kadrlarla – məşqçilərlə, mütəxəssislərlə təmin edilsə, Azərbaycanın idman təsərrüfatında iki-üç ildən sonra əsl intibah dövrü başlayar”.
“Azərbaycan üçün ənənəvi sayılan idman növlərinə xüsusi diqqət ayırmaq isə vacibdir. Belə olsa, bir neçə ildən sonra xarici ölkələrdən 2-3-cü dərəcəli güləşçiləri, boksçuları, cüdoçuları, taekvandoçuları ölkəyə dəvət etmərik, əksinə özümüz başqa ölkələrə bu idmançıları ixrac edərik.
Sadəcə, idman strategiyası düzgün qurulmalıdır. Bu gün üçün yox, sabah üçün iş görülməlidir. Ümid edək ki, yeni idman naziri bu vaxta qədər buraxılan səhvləri araşdıracaq və peşəkar strategiya hazırlanacaq. Zatən, dövlətin də idmanla bağlı prioriteti bunu tələb edir” – deyə mütəxəssis fikirlərini tamamlayıb.
Rafi Müslümov
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.