Azərbaycanda ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilib? – RƏSMİbackend

Azərbaycanda ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilib? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus insanlara təmas və ya damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında gigiyena qaydaları gəlir”.

Bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir:

“Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir. Salfet olmadıqda, ağız dirsəklə qapadılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə qonaq qəbul edilməməlidir.

Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir”.

O qeyd edib ki, koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib:

“Bu səbəbdən xanımların körpələrini ana südü ilə bəsləməkdən cəkinməsinə ehtiyac yoxdur. Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulmalı, maska və əlcək taxılmalıdır. Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq sadalananları icra etmək mümkün deyilsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər”.

“Təbii yollarla və ya qeysəriyyə əməliyyatı ilə doğuşa hamiləliyin hazırkı gedişatına, ana və körpənin sağlamlıq vəziyyətinə görə qərar verilir. Ana və körpənin ümumi sağlamlığı yaxşı olarsa, normal doğuşa üstünlük verilə bilər.

Sosial təcrid qaydalarının tətbiq edilməsinə davam edilməsi və doğuşdan sonra evə heç bir ziyarətçinin buraxılmaması ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir”, – deyə S.Məmmədova əlavə edib.

Nazirlik rəsmisi vurğulayıb ki, koronavirusu ağır keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu faktları var. Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir:

“Hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır. Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər”.