Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür – FOTObackend

Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ötən gün özünün sosial media hesabında bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşəcəyi barədə məlumat paylaşıb.

İranlı səfirin sözlərinə görə, bu dəhliz Pakistan, İran və Türkiyə arasında Şimal-Cənub dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşir.

Artıq bu ilin iyun ayında Azərbaycandan keçən və Süveyş kanalına rəqib hesab olunan Şimal-Cənub dəhlizi işə düşüb. Dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Dəhliz üzrə qatarların hərəkətinin mütəmadi olması planlaşdırılırdı.

Dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malik olduğu vurğulanır.

Fars Körfəzi – Qara Dəniz nəqliyyat dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu istiqamətdə nəqliyyat əlaqələrinin formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir göstərəcək.

Onun sözlərinə görə, regionun beynəlxalq yükdaşımalar baxımından potensialı kifayət qədər böyükdür:

“Azərbaycan və İran Şimali-Cənub nəqliyyat dəhlizində iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində fərqli istiqamətlərdə əməkdaşlıq var. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin və eyni zamanda digər Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi istiqamətində də əməkdaşlıq müşahidə olunur. Üç ölkəni birləşdirən yeni nəqliyyat dəhlizi istiqamətinin formalaşdırılması da regionun mövcud beynəlxalq yükdaşımalar üzrə imkanlardan daha fəal şəkildə iştirak etmək niyyətində olmasından xəbər verir”.

Deputat əlavə edib ki, Gürcüstan “3+3” platformasında iştirakını təsdiq etməsə də regionda digər formatlarda əməkdaşlığa maraqlı ölkədir:

“Azərbaycan və Gürcüstan arasında belə əməkdaşlıq formatı uzun müddətdir ki, var. Azərbaycan, Gürcüstan və İranın nəqliyyat sahəsində əməkdaşlığı “altılıq platforması”a alternativ kimi qiymətləndirilməməlidir. Bu sadəcə regionda həyata keçirilən və əvvəlki dövrlərdə də müşahidə edilən əməkdaşlıq nümunələrindən biridir”.

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstandan keçəcək və Fars körfəzini Qara dənizlə birləşdirəcək tranzit marşrutunun təşkili daha əvvəl də gündəmdə idi. Hazırda marşrutun işə düşməsi gündəmdədir. Yüklərin İrandan Azərbaycana, oradan Gürcüstan vasitəsilə Bolqarıstan və Şərqi Avropa limanlarına çatdırılması gözənilir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.