Azərbaycanın boks millisi İtaliyanın Busto Arsizio şəhərində baş tutan I Dünya Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan ölkələr siyahısında yer alıb.
Siyahıda yer alan 19 yığma, o cümlədən Azərbaycan millisi bir lisenziya əldə edib.
113 ölkədən 602 boksçu 9 gün ərzində Paris-2024 Yay Olimpiya Oyunlarına 49 lisenziya uğrunda mübarizə aparıblar.
Kişi boksçular 28, qadınlar 21 vəsiqənin sahibini müəyyənləşdiriblər.
51 kq çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında keçiriləcək yarışda iştirak hüququ qazanıb. O, boks millimizin Parisə lisenziya əldə edən 3-cü təmsilçisidir. Nicata qədər Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) buna nail olub.
Busto Arsizioda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkə boksçuları lisenziya qazanmağı bacarıblar. Azərbaycan yığmasının da yer aldığı “21-lik”dən yalnız Qazaxıstan və Özbəkistan birdən artıq vəsiqəyə sahib çıxıb.
Bu 19 ölkə sırasında zəngin boks ənənələrinə malik Kuba və ABŞ da var. Meydan sahibləri italiyalılar və qardaş ölkə Türkiyənin boksçuları da yalnız bir lisenziya ilə kifayətləniblər.
Nicat Hüseynov Busto Arsizioda uğur əldə edən yeganə qafqazlı idmançı olub. Azərbaycandan fərqli olaraq, nə Gürcüstan, nə də Ermənistan Parisə lisenziya qazanıb.
Ümumi siyahıda isə Azərbaycan 7-11-ci yerləri bölüşdürür. Yığmamızla yanaşı, ABŞ, Türkiyə, İtaliya və İrlandiya da 3 lisenziyaya sahibdir. Azərbaycan millisi Qafqazda da boksun lideridir. Gürcüstan cəmi 1 vəsiqə qazanıbsa, Ermənistan lisenziya əldə etməyib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.