Azərbaycanlı idmançı Xəyal Caniyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.
İnterpress.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib.
Beş raundun hamısında əla çıxış edən “halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib.
Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğu haqqında danışıb: “Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Qarşılaşmanı vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.
Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da ardıcıl 3 qələbə qazanıb.